Bu gündən etibarən Ermənistanda siyasi mübarizə yeni mərhələyə qədəm qoyub. Belə ki, ölkənin ikinci prezidenti Robert Köçəryan iyunda keçiriləcək parlament seçkiləri öncəsi müxalifətdə təmsil olunan "Hayastan" blokunun baş nazirliyə namizədi kimi irəli sürülüb. Bu da daxili siyasi səhnədə ciddi müzakirələrə səbəb olub.
Blokun “Birlikdə bacaracağıq” şüarı ilə seçkilərə hazırlaşması müxalifətin hakimiyyət uğrunda iddiasını açıq şəkildə ortaya qoyur.
Köçəryanın yenidən siyasi səhnənin ön planına çıxması Ermənistanda qüvvələr balansını dəyişə bilərmi? Onun baş nazir olmaq şansı nə dərəcədə realdır? Uzun illər ölkənin siyasi elitasında mühüm rol oynamış bu siyasətçi hazırkı hakimiyyətə qarşı real alternativ formalaşdıra biləcəkmi?
Digər tərəfdən, Köçəryanın siyasi qayıdışı ilə bağlı daha geniş geosiyasi suallar da ortaya çıxır. O, tez-tez Vladimir Putinlə yaxın münasibətləri ilə xatırladılır və bu səbəbdən də bəzi dairələrdə Rusiyaya yaxın siyasətçi kimi qiymətləndirilir. Bu baxımdan sual yaranır: Köçəryanın namizədliyi Moskvanın regiondakı təsirini gücləndirmək cəhdi kimi dəyərləndirilə bilərmi? Yoxsa bu, sadəcə Ermənistan daxilində siyasi rəqabətin nəticəsidir?
Ən əsas məsələ isə budur ki, Ermənistan cəmiyyəti Köçəryanın hakimiyyətə qayıdışını istəyəcəkmi? Müxalifətin bu namizədliyi seçkilərdə real nəticə verəcək, yoxsa ölkədə siyasi status-kvo qorunub saxlanacaq?
Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda rəqabətin daha da güclənməsi gözəniləndir: "Amma Köçəryan sağlam rəqabətə yox, ənənəvi olaraq pozuculuq meyllərinin güclənməsinə çalışır. Rusiyanın dəstəyi ilə kilsə ilə birlikdə Ermənistan cəmiyyətində gərginliyin artmasına, hakimiyyətə olan etimad mühitinin zədələnməsinə və bununla paralel olaraq özünün ictimai dəstək qazanmasına çalışır. Amma Köçəryanın istədiklərini reallaşdıracağı çətin görünür. Çünki Köçəryan kimi cinayətkarlar Ermənistanı fəlakətə sürükləməklə yadda qalıb və erməni cəmiyyətinə müsbət heçnə verməyiblər. Paşinyan hökuməti isə Ermənistanın mövcudluğunu qorumaq üçün səy göstərir, Azərbaycanla münasibətlərin inkişafının Ermənistanın xilası üçün vacib olduğunu praktiki olaraq sübut edir. Azərbaycanla yanacaq və digər istiqamətlərlə bağlı əldə edilən razılaşmaların cəmiyyətə nə qazandırması ilə bağlı hökumət effektiv təbliğat aparır. Son proseslər göstərir ki, bundan sonrakı perspektivdə Köçəryanın timsalında revanşistlərin ciddi ictimai dəstək əldə etməsi ehtimalı yoxdur. Ona görə də düşünürəm ki, Ermənistan hökuməti növbəti seçkidə də qələbə qazanacaq".
Cavanşir Abbaslı
Musavat.com