Rəsmi Pekin və Vaşinqton ticarət və investisiya əməkdaşlığını inkişaf etdirmək üçün yeni ikitərəfli mexanizmin yaradılmasını müzakirə edib...
Çin və ABŞ nümayəndə heyətləri Parisdə keçirilən ticarət danışıqları çərçivəsində geniş və konstruktiv müzakirələr aparıblar.
Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının ticarət nazirinin müavini Li Çenqan məlumat verib. Onun sözlərinə görə, tərəflər görüş zamanı bir sıra iqtisadi və ticarət məsələlərini əhatə edən dərin, açıq və konstruktiv fikir mübadiləsi həyata keçiriblər. Bu barədə məlumatı Sinxua agentliyi yayıb.
Li Çenqan bildirib ki, danışıqlar zamanı iki ölkə arasında ticarət və investisiya əməkdaşlığını təşviq etmək məqsədilə ikitərəfli işçi mexanizmin yaradılması məsələsi də müzakirə olunub. Onun sözlərinə görə, belə bir mexanizm Çin və ABŞ arasında iqtisadi əlaqələrin inkişafına, həmçinin qarşılıqlı investisiyaların artırılmasına xidmət edə bilər.
Çin nümayəndəsi qeyd edib ki, Pekin və Vaşinqton sabit və davamlı ticarət-iqtisadi münasibətlərin hər iki ölkə üçün faydalı olduğunu qəbul edir. Onun sözlərinə görə, belə münasibətlər təkcə Çin və ABŞ üçün deyil, həm də qlobal iqtisadiyyatın sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Li Çenqan eyni zamanda ABŞ-nin Ticarət Qanununun 301-ci bölməsi çərçivəsində həyata keçirilən araşdırmalarla bağlı Pekinin mövqeyini də açıqlayıb. O bildirib ki, Çin bu cür birtərəfli araşdırmalara qarşı çıxır və Pekinin bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
“Çin tərəfinin ABŞ Ticarət Qanununun 301-ci bölməsi üzrə araşdırmalara münasibəti ardıcıl və aydındır. Çin bu cür birtərəfli addımlara qarşıdır”, – deyə Çin nümayəndəsi vurğulayıb.
Ekspertlərin fikrincə, Çin və ABŞ arasında ticarət sahəsində aparılan danışıqlar qlobal iqtisadi münasibətlər üçün xüsusi əhəmiyyət daşıyır. Dünyanın iki ən böyük iqtisadiyyatı arasında əməkdaşlığın sabitliyi beynəlxalq ticarət axınlarına, investisiya mühitinə və maliyyə bazarlarına birbaşa təsir göstərir.
Poliqon.info