AZ

İraq-Suriya sərhədi yaxınlığında hava hücumu nəticəsində 8 nəfər ölüb

BAKI, 17 mart. TELEQRAF

İraq-Suriya sərhədi yaxınlığında şiə xalq milisinin mövqelərinə endirilən hava hücumu nəticəsində ölənlərin sayı səkkizə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin komandanlığının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum İraqın Ənbar vilayətində yerləşən Əl-Qaim şəhəri yaxınlığında “Əl-Həşd əş-Şaabi” xalq milisinin 18-ci briqadasının mövqelərinə qarşı həyata keçirilib. Hadisə nəticəsində azı yeddi nəfər də yaralanıb.

Bundan əvvəl iki milis üzvünün öldüyü bildirilirdi. Briqadanın qərargahı isə hava zərbəsinin milis tərkibinə daxil olan tibb işçilərindən ibarət dəstəyə endirildiyini açıqlayıb.

İraq ordusunun komandanlığının bəyanatında qeyd olunur ki, ölkənin nizami qüvvələrinə qarşı hücum rəsmi Bağdad tərəfindən dövlətin suverenliyinə qəsd kimi qiymətləndirilir.

Qeyd edək ki, “Əl-Həşd əş-Şaabi” dəstələri İraqda “İslam Dövləti” terror təşkilatına qarşı mübarizə dövründə yaradılıb və bu qruplaşmanın məğlub edilməsində mühüm rol oynayıb. Şiə milisi rəsmi olaraq İraq ordusunun tərkibinə daxil edilsə də, ABŞ onu İran yönümlü struktur hesab edir və Tehranın bu qüvvələri dəstəklədiyini bildirir.

Seçilən
75
teleqraf.com

1Mənbələr