AZ

Rumıniya ABŞ-yə aviabazaların verilməsinin ölkə üçün risk yaratmadığını bildirir

BAKI, 17 mart. TELEQRAF

Rumıniyanın müdafiə naziri Radu Mirutsa ABŞ Silahlı Qüvvələrinə ölkədəki aviabazaların istifadəyə verilməsinin rumınlar üçün əlavə risk yaratmadığını bildirib.

Teleqraf xəbər verir ki, nazir parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, ölkənin müvafiq strukturlarının apardığı təhlillərə əsasən, bu qərar Rumıniya üçün əlavə təhlükə yaratmır.

“Ölkənin ixtisaslaşmış strukturlarının apardığı təhlilə görə, rumınlar üçün əlavə risk yoxdur”, - deyə Mirutsa bildirib.

O vurğulayıb ki, Rumıniya ərazisindən İrana qarşı əməliyyatların dəstəklənməsi üçün hücum silahları daşıyan təyyarələr havaya qalxmayacaq.

“Burada bombardmançı təyyarələrdən söhbət getmir. ABŞ ordusu bizə yazılı şəkildə bildirib ki, söhbət partlayıcı maddələr daşıyan təyyarələrdən getmir”, - deyə nazir əlavə edib.

Mirutsa bu açıqlamanı Rumıniyanın sabiq prezidenti Traian Baseskunun ölkə əhalisinin mümkün hücumlar barədə məlumatlandırılması üçün qabaqlayıcı tədbirlər görülməli olduğu barədə bəyanatına cavab olaraq verib.

Basesku sosial şəbəkədə yazıb ki, ölkədəki iki hərbi bazada qırıcı və bombardmançı təyyarələrin havada yanacaqla təmin edilməsi üçün tanker təyyarələri, kəşfiyyat və zərbə dronları, həmçinin raketdən müdafiə sistemlərinin idarə olunması üçün radarlar yerləşdirilə bilər. Onun fikrincə, bu avadanlıqlar müdafiə xarakterli sayılmır.

Sabiq prezident hesab edir ki, İran ABŞ-yə məxsus texnikanın yerləşdirildiyi bazalara zərbə endirməyə cəhd edə bilər və ya radikal islamçı qruplar tərəfindən terror və kiberhücumlar baş verə bilər.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, əgər Rumıniya ABŞ silahlı qüvvələrinə öz bazalarını təqdim edərsə, Tehran bu ölkəni Yaxın Şərqdəki münaqişədə tərəf kimi qiymətləndirə bilər. Rumıniyanın müdafiə naziri isə qeyd edib ki, İran tərəfinin bu açıqlaması hərbi deyil, daha çox hüquqi və siyasi xarakter daşıyır.

Seçilən
64
teleqraf.com

1Mənbələr