AZ

QDTİB-nin növbəti illik iclası Bakıda keçiriləcək

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) növbəti illik iclasının 2026-cı ilin iyul ayında Bakıda keçirilməsi regional maliyyə əməkdaşlığının gücləndirilməsi üçün mühüm platforma olacaq. Bu məsələ maliyyə naziri Sahil Babayev ilə QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşün diqqət mərkəzində olub. Azərbaycanın QDTİB-nin Rəhbərlər Şurasındakı cari sədrliyi çərçivəsində aparılan müzakirələrdə tərəflər qarşıdakı tədbirin üzv ölkələr arasında əlaqələrin dərinləşməsindəki əhəmiyyətini vurğulayıblar.

Görüşdə Sahil Babayev Bankın ölkənin iqtisadi inkişafına və özəl sektora verdiyi dəstəyi yüksək qiymətləndirib, QDTİB-in Bakı Fond Birjasında yerli valyutada istiqraz buraxan ilk beynəlxalq maliyyə institutu kimi rolunu xüsusi qeyd edib. Öz növbəsində, Serhat Köksal Azərbaycandakı əlverişli investisiya mühitinin dəstəyi ilə kiçik və orta biznesin maliyyələşdirilməsi, nəqliyyat-loqistika dəhlizlərinin inkişafı və iqtisadi diversifikasiya layihələrinin dəstəklənməsi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə, həmçinin Azərbaycanın Bankın abunə kapitalının artırılması prosesində iştirakı və üzv ölkələrin idarəetmə strukturunda balanslaşdırılmış coğrafi təmsilçiliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq dövlətlərarası təşkilat olaraq QDTİB prioritet investisiya layihələrinin icrası və ticarətin maliyyələşdirilməsi alətlərinin inkişafı vasitəsilə regional əməkdaşlığa töhfə verməyə davam edir.

Seçilən
5
vergiler.az

1Mənbələr