AZ

Çit torbalardan asılan xatirələr: İlaxır çərşənbənin müqəddəs intizarı

Zamanın çarxı fırlandıqca, arxada qalan illər sanki dumanlı bir mənzərəyə çevrilir. Lakin elə günlər var ki, təqvim hər il hərləyib-fırlayıb gətirəndə o duman çəkilir, insanı ruhunun ən təmiz, ən səmimi dayanacağına – uşaqlığına aparır. Bu gün İlaxır çərşənbədir. Mənim üçün bu gün sadəcə qədim bir adət deyil, boynumuzdan asdığımız rəngbərəng bayram torbalarının bir küncündə gizlənən saf xatirələr toplusudur.

Yadımdadır, uşaq qəlbimizlə bu günü necə "iplə çəkərdik". Hələ günlər öncədən evlərdə bir tədarük, bir qaçhaqaç düşərdi. Analarımız bizə bayram torbaları tikərdi: kiminə bərq vuran qırmızı ipəkdən, kiminə isə ən ucuz, sadə çit parçadan... Amma o torbaların parça fərqi heç vaxt könül fərqinə çevrilməzdi. O torbalar bizim boynumuzdan asılan ən qiymətli ödülümüz, uşaqlıq dünyamızın ən böyük xəzinəsi idi.

Günorta saatlarından şər qarışana qədər kəndin küçələrinə dağılışardıq. Ayrı vaxtlarda yanından keçməyə belə hürkdüyümüz o əzəmətli dəmir darvazaları, köhnə taxta qapıları bir "fateh" cəsarəti ilə açardıq. "Pay dilənmək" deyildi bu; bu, istəməyin, ummağın ən şirin, ən müqəddəs forması idi. Evlərdən yığdığımız müxtəlif bayram təamlarını sanki bir qənimət kimi sevinə-sevinə evə daşıyardıq. Əslində çoxumuzun o paylara ehtiyacı yox idi, süfrələrimiz dolu idi. Lakin o adətin verdiyi gözəllik, o birliyin yaratdığı ab-hava hər şeydən uca idi.

Hələ o nurlu simalar... Küşvər xalanın, Dilafruz xalanın, Səltənət nənənin, Balaxanım mamanın, Muza arvadın torbama gizlincə qoyduqları o bayram yumurtaları sanki hələ də ovcumun içindədir. Bayramın ən "matax" payı sayılan o yumurtanı verib, pıçıldayardılar: "Evdə Sona nənənə deyərsən ki, filankəs xala mənə yumurta verdi". Anamın anası Sitarə nənəmin mənim üçün hazırladığı o xüsusi, səmimiyyət qoxulu paylar isə başqa bir aləm idi...

Allah hamısına rəhmət eləsin! İndi o paylar da, o insanlar da Haqq dünyasındadır, amma qoxuları hələ də xatirələrimdədir.

Seçilən
24
publika.az

1Mənbələr