“Son dövrlərdə seçicilərlə görüşlərim zamanı ən çox səslənən problemlərdən biri əlillik təyinatı ilə bağlı yaranan çətinliklərdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, bu məsələ xüsusilə ağır xəstə insanlar və müharibə veteranları üçün ciddi narahatlıq doğurur:
“Onlarla insanla görüşürəm. İnsanlar bildirirlər ki, tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər, elektron sistemdə müraciətin göndərilməsi və qərarın verilməsini gözləmək çox vaxt aylarla çəkir.
Bəzi hallarda isə vətəndaşlar aldıqları qərarla razılaşmadıqları üçün yenidən müraciət etməyə məcbur qalırlar. Bu proses həm fiziki, həm də psixoloji baxımdan onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır”.
O bildirib ki, məhz bu problemlərlə müharibə veteranları da üzləşir:
“Bu da xüsusi diqqət çəkən məqamdır. Sağlamlığını itirmiş insanlar bəzən uzun müddət əlillik dərəcəsinin müəyyən olunmasını gözləyir və ya qərarla bağlı suallar yaranır. Cəmiyyətdə və sosial şəbəkələrdə yayılan müraciətlər də göstərir ki, bu məsələ tək-tük hallar deyil, daha geniş bir problemin əlamətidir.
Əlbəttə, etiraf etməliyik ki, son illər sosial müdafiə sahəsində mühüm islahatlar həyata keçirilib. Əlilliyin təyin olunması prosesinin elektronlaşdırılması şəffaflığın artırılması baxımından vacib addım idi. Lakin praktikada görünür ki, mexanizm hələ də bütün hallarda vətəndaş üçün rahat və operativ işləyə bilmir.
Düşünürəm ki, bu sahədə bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir. İlk növbədə, əlillik təyinatı prosedurları daha sadə və vətəndaş yönümlü olmalıdır. Tibbi sənədlərin toplanması və sistemə daxil edilməsi prosesində insanları uzun və yorucu prosedurlarla üz-üzə qoymamaq lazımdır.
İkincisi, xüsusilə müharibə veteranları, ağır xəstələr və sosial baxımdan həssas qruplar üçün sürətləndirilmiş mexanizm tətbiq olunmalıdır. Bu insanlar aylarla qərar gözləməməlidirlər.
Üçüncüsü, vətəndaşın verilən qərarla razılaşmadığı hallarda daha operativ və şəffaf apellyasiya mexanizmi təmin edilməlidir”.
R.Nurullayev hesab edir ki, əlillik məsələsinə yalnız texniki prosedur kimi yox, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşmalıyıq:
“Dövlətin sosial siyasətinin əsas məqsədi məhz ən çox ehtiyacı olan insanları qorumaqdır. Əgər bu sahədə mövcud çətinlikləri diqqətlə təhlil edib aradan qaldıra bilsək, həm vətəndaş məmnuniyyətini artırarıq, həm də sosial müdafiə sisteminə olan ictimai etimadı daha da gücləndirmiş olarıq”.