AZ

Azərbaycana avtomobil idxalı azalıb minik avtomobillərində kəskin geriləmə

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2026-cı ilin yanvar–fevral aylarında (ilk 2 ayda) Azərbaycana avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həm kəmiyyət, həm də dəyər baxımından azalıb.

Marja.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatların təhlili göstərir ki, bazarda əsas azalma minik avtomobilləri seqmentində qeydə alınıb.

Hesabat dövründə ölkəyə ümumilikdə 11 933 ədəd avtomobil idxal olunub. Bu, 2025-ci ilin yanvar–fevral aylarında qeydə alınmış 16 758 ədəd ilə müqayisədə 4 825 ədəd və ya 28,8 faiz azalma deməkdir. İdxalın ümumi dəyəri isə 267,4 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 21,6 milyon dollar və ya 7,5 faiz azdır. Statistik göstəricilərdən görünür ki, idxal edilən avtomobillərin sayı daha kəskin azalsa da, dəyərdə azalma nisbətən məhdud olub.

İdxalın əsas hissəsini təşkil edən minik avtomobilləri üzrə daha ciddi geriləmə qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk iki ayında 10 488 ədəd minik avtomobili idxal olunub ki, bu da ötən ilin eyni dövründəki 15 309 ədəd ilə müqayisədə 4 821 ədəd və ya 31,5 faiz azdır. Bu kateqoriya üzrə idxalın dəyəri də 255,9 milyon dollardan 195,3 milyon dollara düşərək 60,6 milyon dollar və ya 23,7 faiz azalıb. Bu dinamika ümumi bazar azalmasının əsas səbəbinin məhz minik avtomobilləri seqmenti olduğunu göstərir.

Elektrik və hibrid avtomobillər seqmentində isə fərqli tendensiyalar müşahidə olunur. Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı 309 ədəddən 204 ədədə düşərək 105 ədəd və ya 34 faiz azalıb. Bu kateqoriya üzrə idxalın dəyəri isə daha kəskin geriləyərək 12,1 milyon dollardan 5,1 milyon dollara enib ki, bu da 7 milyon dollar və ya 57,9 faiz azalma deməkdir.

Bununla yanaşı, xaricdən elektrik enerjisi ilə doldurula bilən (plug-in) hibrid avtomobillərin idxalında artım müşahidə edilib. Bu nəqliyyat vasitələrinin sayı 4 542 ədəddən 4 674 ədədə yüksələrək 132 ədəd və ya 2,9 faiz artıb. Dəyər ifadəsində isə idxal 89,0 milyon dollardan 94,1 milyon dollara yüksələrək 5,1 milyon dollar və ya 5,8 faiz artım göstərib. Bu da bazarda hibrid texnologiyalara marağın artdığını göstərir.

Yük avtomobilləri seqmentində isə azalma qeydə alınıb. 2026-cı ilin yanvar–fevral aylarında bu kateqoriya üzrə idxal 1 096 ədəd təşkil edib ki, bu da ötən ilin 1 267 ədəd göstəricisi ilə müqayisədə 171 ədəd və ya 13,5 faiz azdır. Dəyər baxımından idxal 17,3 milyon dollardan 12,3 milyon dollara enərək 5 milyon dollar və ya təxminən 29 faiz azalıb.

Digər tərəfdən, 10 və daha çox sərnişin tutumu olan nəqliyyat vasitələrinin idxalında kəskin artım qeydə alınıb. Bu kateqoriya üzrə idxal 106 ədəddən 243 ədədə yüksələrək 137 ədəd və ya 129 faiz artıb. Dəyər baxımından isə idxal 8,9 milyon dollardan 46,7 milyon dollara yüksələrək 37,8 milyon dollar və ya təxminən 423 faiz artım göstərib.

Ümumilikdə, 2026-cı ilin ilk iki ayının nəticələri avtomobil bazarında daralma ilə yanaşı struktur dəyişikliklərin də baş verdiyini göstərir. Minik avtomobillərində kəskin azalma, elektrik və hibrid avtomobillərində geriləmə və plug-in avtomobillərdə artım bazarda istehlakçı davranışlarının dəyişdiyini və yeni texnologiyalara keçidin mərhələli şəkildə davam etdiyini göstərir.

Avtomobillərin idxalı haqqında məlumat, 2026-cı ilin ilk 2 ayı

Avtomobillərin idxalı haqqında məlumat, 2025-ci ilin ilk 2 ayı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
marja.az

2Mənbələr