AZ

Hörmüz boğazındakı gərginlik dünya enerji bazarına təsir edir

Hörmüz boğazı vasitəsilə dünya neftinin təxminən 20 faizi daşınır, bu səbəbdən bölgədə yaranan hər hansı gərginlik qlobal enerji təchizatına birbaşa təsir göstərir. Belə vəziyyət neft tədarükündə kəsintilərə və təhlükəsizlik risklərinin artmasına səbəb olur.

“Balans” İqtisadi Maarifləndirmə” ictimai birliyinin sədri Möhübbəli Nağıyev Hörmüz boğazında yaranan gərginliyin qlobal enerji sisteminə təsirləri barədə QHT.az-a danışıb.

M.Nağıyevin sözlərinə görə, “Hörmüz boğazı dünya enerji sisteminin ən həssas “dar boğaz"larından biridir və buradan gündəlik olaraq qlobal neft ticarətinin təxminən 20%-i keçir". O, əlavə edib ki, bu səbəbdən regionda baş verən hər hansı gərginlik bir neçə istiqamətdə ciddi təsir yaradır.

Möhübbəli Nağıyev bildirib ki, “Regionda hərbi gərginlik nəticəsində neft axını azalır, “təklif qıtlığı" yaranır və neftin daşınması ilə bağlı risklər artdıqca qiymətlər kəskin şəkildə yüksəlir". O vurğulayıb ki, hətta real çatışmazlıq olmasa da, geosiyasi risk neft bazarında qiymətlərin artmasına səbəb olur.

Sədr qeyd edib ki, neftin qiymətinin artması nəqliyyat və istehsal xərclərinə təsir göstərir, bu isə iqtisadiyyatın bütün sahələrində özünü hiss etdirir. M.Nağıyevin sözlərinə görə, “Hörmüz boğazındakı gərginlik enerji şirkətlərinin səhmlərinin yüksəlməsinə, bazarda qeyri-müəyyənliyin artmasına və investorların yeni təhlükəsiz limanlara yönəlməsinə səbəb ola bilər".

Möhübbəli Nağıyev həmçinin iqtisadi təsirlərin qısamüddətli və uzunmüddətli olacağını bildirib. O vurğulayıb ki, qısamüddətli təsir qiymətlərdə 10–30% və daha çox sıçrayışlarla özünü göstərir, uzunmüddətli isə alternativ enerji, diversifikasiya və strateji ehtiyatların artırılması ilə xarakterizə olunur.

O sonda bildirib ki, Hörmüz boğazındakı gərginlik həm iqtisadi həm də psixoloji təsirlərə səbəb ola bilər.

Fatimə Nəbiyeva

Seçilən
16
qht.az

1Mənbələr