AZ

İzmir səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Parkını ziyarət edib

İstanbul, 17 mart, AZƏRTAC

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir şəhərində səfərdə olan nümayəndə heyəti, əvvəlcə bu şəhərin Karşıyaka rayonu ərazisində yerləşən Heydər Əliyev Parkını və Ümummilli Liderin burada ucaldılan büstünü ziyarət edib.

Ziyarət zamanı çıxış edən komitə sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Karşıyaka Bələdiyyəsinin sədrinin müavini Mustafa Evsen Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağları barədə danışıb, bu birliyin iki ölkə lideri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hər gün daha da möhkəmləndiyini bildiriblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları xatırlanaraq xalqlarımız arasındakı həmrəyliyə vurğu edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin bu parkdakı büstü qarşısına tər güllər düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Fuad Muradov səfər çərçivəsində, həmçinin Türkiyənin İzmir üzrə dövlət rəsmiləri ilə görüşlər keçirəcək, buradakı həmvətənlərimizlə görüşəcək və Novruz bayramı münasibətilə təşkil olunacaq bədii tədbirə qatılacaq.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Seçilən
30
2
azertag.az

3Mənbələr