AZ

Köçəryan namizəd oldu: Paşinyana yox, Karapetyana rəqib

“Ermənistan” bloku keçmiş prezident Robert Köçəryanın iyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. 

Bu barədə blokun martın 16-da keçirilən yığıncağında qərar qəbul olunub. Qeyd edək ki, “Ermənistan” blokuna “Daşnaksütyun”, “Dirçələn Ermənistan”, və “Vahid Ermənistan” partiyaları daxildir. Sonuncu tədbirdə “İrəli” Partiyasının da bloka qoşulmaq barədə müraciəti qəbul olunub. 

Lakin “Ermənistan”ın sıralarında “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası və “Dirçələn Ermənistan” Partiyasının üzvləri çoxluq təşkil edir. Ümumilikdə, bloka daxil olan partiyalar radikal baxışlı və siyasi mübarizə vasitəsi kimi terrorçuluğa üstünlük verən qüvvələrdən ibarətdir. 

Qarşıdan gələn seçkilərdə “Ermənistan” bloku “Biz birlikdə bacararıq” şüarı ilə çıxış edəcəyini bildirib. Robert Köçəryanın komanda üzvləri əsas hədəflərinin Nikol Paşinyan hakimiyyətini dəyişmək olduğunu bəyan ediblər. 

Hazırda parlamentdə 29 deputat mandatı ilə təmsil olunan “Ermənistan” bloku 2021-ci ildə keçirilmiş parlament seçkilərində 21,9 faiz səs toplamışdı. Lakin həmin vaxt Pobert Köçəryan deputat mandatından imtina edərək parlamentə getməmişdi. Bu dəfə isə onun baş nazirliyə namizədliyini irəli sürməsi sabiq prezidentin parlamentin işində iştirak etmək niyyətindən xəbər verir. 

Robert Köçəryanın siyasi “kölgə”dən çıxaraq fəallaşması ilk növbədə, seçki prosesində əsas rəqabətin hansı qüvvələr arasında gedəcəyini deməyə imkan verir. Bu baxımdan, hazırda Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası, rusiyalı milyarder və hazırda həbsdə olan Samvel Karapetyanın sədrlik etdiyi “Güclü Ermənistan” Partiyası, eyni zamanda, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokudur. 

Bundan başqa, keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqres partiyası, Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası, Aram Sarkisyanın Respublika Partiyası da seçkilərə qatımaq niyyətindədir. Lakin əsas seçki yarışının və siyasi konsolidasiyanın Nikol Paşinyan, Samvel Karapetyan və Robert Köçəryan arasında gedəcəyi gözlənilir. 

Bütün rəy sorğuları “Vətəndaş Müqaviləsi” Partiyasının qalib gəlmək şansının yüksək olduğunu deməyə əsas verir. Dekabr ayında keçirilmiş seçkilərdə respondentlərin 16,5 faizi hakim partiyaya, 7 faizi “Güclü Ermənistan”a, 6,8 faizi isə “Ermənistan” blokuna səs verməyə hazır olduğunu bildirmişdi. 

Mart ayının əvvəlində keçirilən sorğularda “Vətəndaş Müqaviləsi”nə səs vermək istəyənlərin sayı 29 faiz, “Güclü Ermənistan”ı seçənlərin sayı 10 faiz, “Ermənistan” blokuna səs verəcəyini deyənlər isə 8 faiz təşkil etmişdi. Bütün bu göstəricilər müxalifətin qalib gəlmək şansının olmadığını göstərir. 

Son bir ildə keçirilən digər sorğuların müqayisəli təhlili Ermənistanda Köçəryanın sabit elektoratının 6,4-8 faiz təşkil etdiyini göstərir. Ona görə də “Ermənistan” fraksiyanın seçkilərdə hakimiyyətə gələcəyi real görünmür. Ermənistan Seçki Məcəlləsinə edilən son dəyişikliklər bu istiqamətdə Köçəryana əlavə maneə yaradır. 

Yeni qanunvericiliyə görə, partiya blokları üçün seçki barajı 7 faizdən 8 və 10 faizə qaldırılıb. “Ermənistan” blokuna 3-dən artıq partiya daxil olduğuna görə seçkilərdə 10 faizlik barajı aşmalıdır. Bu isə 8 faizlik reytinqə malik Köçəryanın komandası üçün ciddi problemlər deməkdir. 

Köçəryanın baş nazir postuna namizədliyini irəli ilk növbədə, Rusiyaya ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər. Rusiya Prezidenti Valdimir Putinin dostu olan Köçəryan seçkilərdə Kremlin Samvel Karapetyana verilə biləcək dəstəyi məhz özünə yönəltməyə çalışır. Bu baxımdan, Robert Köçəryanın baş nazirliyı iddiasını ortaya qoyması Nikol Paşinyana deyil, daha çox Karapetyana qarşı demarş kimi şərh edilə bilər. 

Köçəryan özünü Rusiyaya bağlı revanşist müxalifətin mərkəzində görür və Karapetyanın namizədliyini dəstəkləmək fikrində deyil. Eləcə də Karapetyan Köçəryana güzəştə getməkdə maraqlı görünmür. Bu isə nəticə etibarı ilə radikal müxalifətin iki siyasi qütbə parçalanmasına şəriat yaradır. 

Yəni seçkilərə Nikol Paşinyanın timsalında vahid komanda və vahid liderlə gedən hakim “Vətəndaş Müqaviləsi” Partiyasından fərqli olaraq, müxalifət düşərgəsində pərkəndəlik müşahidə olunur. Eks-prezidenti Serj Sarkisyanla Robert Köçəryan arasında siyasi ziddiyyətləri də bura əlavə etsək, Rusiyaya bağlı müxalifətin birləşə bilməməsi Paşinyanın qələbə imkanlarını artırır. 

Ona görə də Kremlin Köçəryana və ya Karapetyana ayrılıqda dəstək verməsi nəticə verməyəcək. Çox güman ki, Ermənistandakı mövcud siyasi palitranı təhlil edən rəsmi Moskva müxalifətə ciddi dəstək nümayiş etdirmədən Nikol Paşinyanla işləməkdə davam etməyi seçməli olacaq. 

Əslində, qeyd edilən vəziyyəti Köçəryan özü də yaxşı anlayır. Bu kontekstdə onun seçkilərə qatılması daha çox parlamentdə “Ermənistan” blokunun ana müxalifət statusunu qoruyub saxlamağa hesablanıb. Yəni Köçəryan ana müxalifət lideri kimi siyasi gündəmdə qalmaq istəyir. 

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr