İranın Ali Rəhbəri ayətullah Müctəba Xamenei danışıqlar prosesində vasitəçi rolunu oynamış iki ölkə tərəfindən Tehrana ünvanlanmış gərginliyin azaldılması və ya ABŞ və İsrail ilə atəşkəs barədə təklifləri rədd edib.
News365.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Reuters” adı açıqlanmayan yüksək vəzifəli iranlı məmura istinadən xəbər verir ki, Xamenei xarici siyasətlə bağlı ilk görüşündə ABŞ və İsrailə qarşı “sərt və ciddi” mövqe nümayiş etdirərək “qisas” tələb edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.