AZ

Cəlilabadda Aqrar Biznes Festivalı keçirildi - FOTOLAR

Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.

Hafta.az xəbər verir ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində təşkil olunan festivalın məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerləri, sahibkarları, startapçıları və dövlət qurumlarını bir araya gətirmək, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də aqrar biznes imkanlarını geniş ictimaiyyətə təqdim etmək olub.

Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahədə həyata keçirilən sistemli islahatlar, fermer və sahibkarlara göstərilən dövlət dəstəyi, eləcə də müasir texnologiyaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir: “Bu gün kənd təsərrüfatı yalnız istehsal sahəsi kimi deyil, həm də innovasiya, texnologiya və sahibkarlığın qovuşduğu strateji iqtisadi istiqamətlərdən birinə çevrilməkdədir. Aqrar sahədə rəqəmsal həllərin tətbiqi, startap təşəbbüslərinin təşviqi, elmi biliklərin və müasir texnologiyaların praktikaya inteqrasiyası sektorun rəqabət qabiliyyətliliyinin artırılmasına xidmət edir”.

Açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, aqrar sahədə innovasiyaların tətbiqinin, peşə təhsilinin inkişafının və məşğulluq imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, bu kimi festivallar fermerlər, gənclər və sahibkarlar üçün yeni əməkdaşlıq və inkişaf imkanları yaradır.

Çıxışlardan sonra Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.

Açılış mərasimindən sonra iştirakçılar sərgi sahəsinə baxış keçiriblər. Festivalın sərgi bölməsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 10-dan artıq dövlət peşə təhsil mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlər öz xidmət və məhsullarını nümayiş etdiriblər.

Tədbir iştirakçıları həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində təşkil olunan “Bootcamp” proqramının iştirakçıları ilə görüşüblər. Görüş zamanı “Bootcamp” iştirakçıları hazırladıqları layihələr və aqrar sahədə innovativ texnologiyaların tətbiqi imkanları ilə bağlı təqdimatlar ediblər. Sərgi çərçivəsində yaradılmış startap zonasında aqrar startapçılar innovativ layihə və həllərini təqdim ediblər. Bununla da startapçılar fermer və sahibkarlarla birbaşa ünsiyyət quraraq öz ideyalarını təqdim etmək və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.










Seçilən
8
4
hafta.az

7Mənbələr