AZ

Suraxanıda Novruz bayramı təntənəli qeyd olundu

Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub. Martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Baharın memarlıq izi” adlı Novruz Festivalı keçirilib.

Festivalda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

Meydanın ortasında yerləşdirilən səməni, eləcə də novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər. Həmçinin, festivalın açılışında Azərbaycan folklorunun və epos ənənəsinin məşhur obrazları – Dədə Qorqud, Qazan Xan və Burla Xatun Oğuz elinin Novruz şənliklərini təsvir edən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. “Atəşgah Məbədi”ndən götürülən odla bayram tonqalının alovlandırılması Novruz şənliyinin yadda qalan məqamlarından biri olub.

Festival çərçivəsində milli sənətkarlıq nümunələrinin yarmarkası təşkil olunub. Sənətkarlar müxtəlif əl işlərini – xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər.

Bayram şənliyində qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin və mədəniyyət evlərinin təqdimatında müxtəlif sənət nümunələrinin nümayiş olunması, cəngi sədaları altında pəhləvanların və idmançıların rəngarəng çıxışları, kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb.

Seçilən
38
3
publika.az

4Mənbələr