AZ

Paşinyan mayda hərbi parad keçirəcək - onun güc nümayişi kimə ünvanlanır...

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin son illərdə əldə etdiyi silahları ictimai şəkildə göstərmək niyyətində olduqlarını bildirib. Paşinyan deyib ki, bunu sülh vurğusu ilə edirik və sülh kontekstində təqdim edəcəyik. O , daha sonra deyib: "Ümid edirik ki, qonşularımız bunu aqressivlik nümayişi kimi qəbul etməyəcəklər. Yəqin ki, bu, may ayında baş verəcək. Məqsəd göstərməkdir ki, biz nə etdik, hansı silahları əldə etdik. Təkrar edirəm, biz bununla müharibəyə hazırlaşmırdıq. Biz yalnız hakimiyyətimiz dövründə, əsasən də 2022-ci ildən sonra alınmış silahları göstərəcəyik”.

Musavat.com xəbər verir ki, bu, 2020-ci ildəki 44 günlük müharibədən sonra Ermənistanın nümayiş etdirdiyi ilk hərbi parad olacaq. Bununla Paşinyan 7 iyun seçkilərində mövqeyini gücləndirmək və rəqiblərinə güc nümayiş etdirmək istəyir, yoxsa həm də Azərbaycana güc nümayiş etdirməyi hədəf seçib?

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Paşinyan açıq şəkildə “hərbi parada” ifadəsini işlətmir, bu ifadəni yeni silahların ictimaiyyətə nümayiş etdirilməsi adlandırır. Hər halda bu nümayiş 28 may Ermənistanın respublika günü münasibətilə keçiriləcək: “Bu isə o deməkdir ki, Paşinyan iyunda keçiriləcək seçkiyə 10 gün qalmış, may ayında hərbi parad keçirərək yeni silahları nümayiş etdirməklə xalqdan səs almağa çalışır. Hazırda Paşinyanın bütün addımları seçki kampaniyasının tərkib hissəsidir. Təbliğat kampaniyasının bir çox istiqamətlər üzrə elementləri hazırda tətbiq olunur. Yeni aldıqları silahların nümayiş etdiriləcəyinin bəyan edilməsi də daha çox təbliğat kampaniyasıdır. Bütün variantlardan istifadə edərək seçiciləri ələ almaq istəyir. Silahların nümayişini etdirməklə həm erməni cəmiyyətindəki məğlubiyyətdən qaynaqlanan ruh düşkünlüyünü düzəltməyə çalışır. Hərbi parad keçirib silahlarını nümayiş etdirməkdə məqsədlərdən birinin Azərbaycana güc nümayişi də olması istisna deyil. Mən dəfələrlə bunu demişəm ki, Paşinyan nə qədər sülhdən danışsa da, nəhayətdə o da ermənidir. Biz sülh içərisində olsaq da ehtiyatımızı əldən verməməliyik. Onlar məqam yaranan, fürsət ələ düşən kimi Azərbaycana qarşı təxribat törədə bilərlər”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
102
musavat.com

1Mənbələr