AZ

Neftin qiyməti idarəolunmaz həddə çatır

Artan enerji qiymətləri dünyada yeni maliyyə böhranı yarada bilər

Martın 17-də birjalarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 dollar və ya 0,08 faiz artaraq 109,19 ABŞ dolları təşkil edib. Eləcə də “Brent” markalı neftin, təbii qazın və LNG yanacağının qiymətlərində artımlar baş verib. Qiymətlərin yüksəlməsinə səbəb Yaxın Şərqdə baş verən geosiyasi gərginliklər və müharibə risklərinin davam etməsidir. Qeyd edilən regionda müharibənin başlanmasından sonra dünya bazarında ən çox neftin qiyməti bahalaşmaqdadır. Dünya neftinin və mayeləşdirilmiş təbii qaz axınının 20 faizinin keçdiyi kritik Hörmüz boğazının bağlaması isə enerji qiymətlərini və inflyasiya qorxularını daha da artırır. Bağlanma, həmçinin logistika şirkətləri gəmilərin təyinat yerlərini dəyişdirmək, malları quru yolu ilə daşımaq və tez xarab olan məhsulların sıradan çıxmasının qarşısını almaq kimi baş ağrılarını aradan qaldırmaq baxımından ciddi problemlər yaradır, vacib idxal axınını qorumaq üçün sürətli və bahalı təchizat zəncirini yenidən düşünməyə məcbur edir.

Məsələ ondadır ki, Prezident Donald Trampın “müharibəni tezliklə başa çatdıracağıq” bəyanatından sonra qiymət 100 dollardan 98 dollara qədər azalsa da, son günlərdə münaqişənin yenidən gərginləşməsi bu bəyanatın təsir gücünü azaldıb və “qara qızıl” yenidən yuxarı istiqamətdə dövr etməkdədir. Yəni psixoloji məzmun daşıyan bu bəyanat, əslində, qlobal logistika tədarükçülərində yaşanan təşvişi heç bir şəkildə azaltmır. “Financial Times” qəzetinin məlumatına görə, Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) rəhbəri Arsenio Dominqes bildirib ki, Hörmüz boğazından keçən dəniz eskortları su yolundan keçməyə çalışan gəmilərin təhlükəsizliyinə 100 faizlik zəmanət verməyəcək. Hərbi yardımın bu boğazın açılması üçün uzunmüddətli və ya davamlı bir həll yolu olmadığı isə çıxış nöqtəsi sayılmır. Baş verən fraqmentasiyalar fonunda isə neft və neft məhsullarının, eləcə də kimya və digər sənaye xammallarının qiymətlərinin hələ xeyli müddət yüksək həddə qalacağı istisna edilmir. Hazırda Avropa və ABŞ-nin yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiyməti də kəskin artıb ki, bu da digər sektorlardada istehsal və tədarük zəncirlərini təhdid edir.

Hörmüz boğazının qapanması nefti 215 dollara kimi bahalaşdıracaq

Analitiklər hesab edir ki, münaqişənin uzanması halında neftin qiyməti 140 dollara səviyyəsinə qədər arta bilər, ən pessimist ssenarilərdə isə 200 dollar səviyyəsinə qədər yüksəlməsi istisna edilmir. Enerji qiymətlərinin uzun müddət yüksək qalması qlobal inflyasiya təzyiqlərini artırmaqla yanaşı, bəzi iqtisadiyyatlarda yüngül resessiya riskini də gücləndirə bilər. ABŞ-ın nüfuzlu “The Wall Street Journal” yazır ki, Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər və bu vəziyyət enerji şoku yaradar. Hazırda dünya bazarının tələbatının 15 milyon tonu çatışmır ki, bu da Yaxın Şərq ölkələrindən ixrac olunan neftin həcmidir. Körfəzdə müharibənin davam etməsi neft idxalçılarının Cənubi Amerikaya yönəlməsini şərtləndirib. Braziliya, Argentina və Qayanada neft hasilatı artırılıb. Lakin dünyanın bir yarımkürəsindən digər yarımkürəsinə neftin nəqli çox baha başa gəlir. Digər tərəfdən isə bu ölkələrdə hasilatın artırılması üçün külli miqdarda sərmayə və zaman lazımdır.

Rusiya Xalq Təsərrüfatı Akademiyasının analitiki, iqtisad elmləri doktoru Nikolay Kopenka bildirib ki, neftin qiymətinin bahalaşması dünya gəmiçiliyinə də böyük zərər vurub. Bahalaşma dəniz nəqliyyatını demək olar ki, iflic vəziyyətinə salıb. Limanlardakı terminallarda mazut ehtiyatı azaldıqca daşıma qiymətləri də artır. Konteyner daşıyan gəmilər Sinqapur və Fuceyra terminallarına yan alıb yanacaq doldura bilmirlər və yüklər günlərlə daşınmır. Hazırda mazutun 1 barelinin qiyməti Sinqapurda 140 Fuceyrada isə 160 dollardır. Mazutun ekoloji sortunun qiyməti isə 175 dollara satılır.

Qlobal investorlar böyük itkilərlə üzləşə bilər

Neftin bahalaşması bütünlüklə qlobal iqtisadiyyatı da dərindən təhdid edir. İlk növbədə, neft və enerjinin bahalaşması sənaye və istehsal xərclərini artırır, iri şirkətlərin bazar xərclərinin yüksəlməsi fonunda alıcılıq portfelini aşağı salır. Eyni zamanda, neftin bahalaşması dünya maliyyə sisteminə kəskin təsir edərək bir sıra səhm və investisiya alətlərinin fond dəyərinin ucuzlaşdırır. Nəticədə iri bank və investisiya şirkətlərinin, eləcə də suveren fondların maliyyə alətlərinin səhm və istiqrazları, digər qiymətli kağızları dəyərdən düşür. Mart ayının ikinci ongünlüyündə qlobal maliyyə bazarlarında həm iqtisadi göstəricilərin, həm də geosiyasi risklərin təsiri ilə formalaşan yüksək volatillik ABŞ, Almaniya, Avrozona və İngiltərədə makroiqtisadi göstəriciləri pisləşdirib. İnvestorlar mövcud şəriatdə monetar siyasət gözləntilərini yenidən qiymətləndirir ki, bu da dünya birjalarında ehtiyatlı ticarət mühitini formalaşdırır, bəzi investorlara və səhmdarlara aktiv fəaliyyətdən çəkinmək siqnalları verir. İnvestorlar riskli aktivlərdən qismən uzaqlaşmaq və vəsaitləri təhlükəsiz aktivlərə yönəlmək səmtinə üstünlük verməkdədir.

Nəzərə alsaq ki, Azərbaycanın milli suveren təsisatı olan Dövlət Neft Fondu qlobal iqtisadi mühitdə və investisiya bazarlarında baş verən proseslərə uyğun olaraq öz investisiya siyasətini daim təkmilləşdirir, risklərin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirir. DNF məcmu aktivlərinin əhəmiyyətli hissəsini uğurlu investisiya siyasəti çərçivəsində qlobal bazarlarda müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldib. Son 5 ildə DNF-nin investisiya fəaliyyətindən dividentləri 22,7 milyard dollar təşkil edib. Bu müddətdə fondun aktivləri 29,9 milyard dollar və ya 70 faiz artaraq 43,6 milyard dollardan 73,5 milyard ABŞ dollara yüksəlib. Bu göstəricilər Fondun investisiya fəaliyyətinin rolunun əhəmiyyətli dərəcədə gücləndiyini və dayanıqlı dəyər yaradan əsas mənbələrdən birinə çevrildiyini nümayiş etdirir. Yəni, neftin baha qiymətindən daha çox qlobal investisiya alətlərinin sabitliyi DNF üçün daha sərfəlidir.

Azərbaycan qiymət dəyişkənliyini dərindən izləyir

Yeri gəlmişkən, XIII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev də neftin qlobal bazardakı qiymət dəyişikliklərinin təsirlərinə toxunarkən neftin bahalaşmasının arzuolunmaz fəsadlarına da diqqət çəkdi. Qeyd edildiyi kimi “neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir”.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və “OPEC+” ölkələri də neftin yüksək sıçrayışından narahatdır. Onlar orta bazar qiymətinin 80-90 dollar arasında olmasını daha sabit əmsal hesab edir. Mövcud ssenarilər fonunda sabit enerji bazarı konyukturası bir çox ölkələr kimi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Onu da xatırladaq ki, Azərbaycan hökuməti qlobal enerji qiymətlərində kəskin artım fonunda ölkə iqtisadiyyatına, ələxsus da idxal inflyasiyasının artması ehtimalına da xüsusi nəzarət edir və bu faktorun pul siyasətinə təsirini dərindən izləyir. Mərkəzi Bank (MB) hazırkı şəraitdə neft və qaz qiymətləri ilə bağlı dəqiq proqnoz verməyin olduqca çətin olduğunu bildirir. Belə ki, qiymətlərin kəskin artması və ya əvvəlki səviyyələrinə qayıtması əsasən mövcud münaqişənin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq.

E.CƏFƏRLİ

Seçilən
53
1
yeniazerbaycan.com

2Mənbələr