Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Böyük Qayıdışın ünvanlarından olan Ağdam şəhərində 33 ildən sonra yenidən Novruz şənliyi keçirildi. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən konsertdə rayonun incəsənət ustalarının ifasında rəngarəng musiqi nömrələri təqdim edildi.
Bayram təntənəsində “Qarabağ” kətəsi, şirniyyatlar, sakinlərin əl işləri təqdim edilib, iştirakçılar rəsm sərgisinə baxış keçiriblər. Konsert proqramı sakinlərə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, böyük məmnunluq və razılıqla qarşılanıb.
Ağdam şəhər sakini Qəndab Səmədova bayram təəssüratını belə ifadə etdi: “32 il yurdumuzdan kənarda yaşadıq. Bu gün Ağdamda evlə təmin olunmuşuq və Novruz bayramını böyük sevinclə qeyd edirik. Allah Prezidentimizi, qazilərimizi, ordumuzu qorusun”.
Doğma yurdla uzun ayrılıqdan sonra Novruz bayramını Ağdamda qeyd etdiyini söyləyən digər sakin Namiq Məmmədov sevincinin həddi-hüdudu olmadığını söylədi: “Bu hissləri sözlə ifadə etmək çətindir. Arzularımız reallaşıb. Allah şəhidlərimizə rəhmət eləsin”.
Sonda Novruz ənənələrinə uyğun olaraq bayram tonqalı alovlandırıldı. Novruza həsr olunmuş mahnılar səsləndirildi, tonqal ətrafında “Yallı” rəqsi oynanıldı.
XQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.