“İdmançılarımıza qarşı bəzən xırda, qərəzli qərarlar hiss edirdim. Məsələn, rusiyalı, rumıniyalı, serbiyalı rəqiblərlə görüşlərdə Azərbaycan idmançılarını bir qədər sıxırdılar”.
Bunu Serbiyanın Zrenyanin şəhərində martın 9-dan 15-nə qədər keçirilmiş güləş üzrə U-23 Avropa çempionatında idarəçilik edən iki azərbaycanlı hakimdən biri - Vüqar Şükürov report.az-a müsahibəsində deyib.
Birinci kateqoriyalı hakim kimi yarışa təyinat alan mütəxəssis turnirdəki təşkilatçılıq, hakimliyin səviyyəsi, idmançıların intizam məsələlərinə toxunub. O, həm özünün, həm də Azərbaycan hakimliyinin gələcək perspektivlərdən də danışıb.
Həmin müsahibəni təqdim edirik.
- U-23 Avropa çempionatı təşkilatçılıq baxımından sizi qane etdimi?
- Əslində, tam olaraq qane etmədi. Həmişə belə ölkələrdə təşkilatçılıq aşağı səviyyədə olur. Azərbaycan yeganə ölkədir ki, bu cür yarışların təşkili baxımından dünyaya səs salır və həmişə öndə gedir. Avropa ölkələri bizə çata bilmir.
- U-23 Avropa çempionatında hakimliyin səviyyəsi necə idi?
- Müəyyən xoşagəlməz hallar oldu. Hakimlərin bizim idmançıları bəzən sıxışdırdığını görürdüm, qərəzli mövqe tutanlar olurdu. Amma bacardığım qədər buna imkan verməməyə çalışırdım. Çünki mən də həmin ölkə təmsilçilərinin görüşlərini idarə edirdim. Onlara anlatmağa çalışırdıq ki, idmançılarımıza qarşı ədalətsizlik etməsinlər. Azərbaycanın güləş hakimləri ədalətli qərarları ilə dünyaya səs salıblar. Beynəlxalq yarışların hər birində final görüşlərini idarə ediblər.
- Əsasən hansı ölkələrin təmsilçiləri ilə görüşlərdə idmançılarımıza qarşı daha çox qərəz hiss olunurdu?
- İdmançılarımıza qarşı bəzən xırda, qərəzli qərarlar hiss edirdim. Məsələn, rusiyalı, rumıniyalı, serbiyalı rəqiblərlə görüşlərdə Azərbaycan idmançılarını bir qədər sıxırdılar.
- U-23 yaş qrupu keçid dövrüdür. Bu mənada idarəçilik zamanı intizam baxımından hansısa çətinliklərlə qarşılaşırdınız?
- U-23 gənclikdən böyüklərə doğru gedən yoldur. Müəyyən intizamsızlıqlar olur. Lakin bizim idmançıların heç birində aqressivlik, intizamsızlıq görmədim. Çünki öz güclərini bilirlər, necə hazırlıq görmüşdülərsə, elə də iştirak etdilər. Düzdür, qərəz nəticəsində məğlub olanda istər-istəməz emosiyaları saxlamaq çətindir. Avropada yunan-Roma güləşi çox güclüdür və idmançı sayı çoxdur. Görüşlər ağır keçir. İdmançılarımızın nəticəsi bütün bunların qarşılığında çox yaxşıdır. Etik qaydalara riayət etməyən Azərbaycan idmançısı görmədim.
- Bəs digər ölkələrin idmançıları arasında etik çərçivələri aşanları gördünüz? Əsasən hansı ölkələrin təmsilçiləri buna meyillidirlər?
- Açığı, idarəçilik etdiyim müddətdə etik qaydaları ciddi şəkildə pozanlar olmadı. Amma Rusiya, Gürcüstan və Ermənistan güləşçilərində etik cəhətdən xırda pozuntular olurdu. Əksər Avropa ölkələrinin təmsilçiləri isə cığallıq etmirdilər.
- Hansısa ölkələrin idmançılarının sırf bizim güləşçilərlə qarşılaşmasında aqressivlik gördünüz?
- Açığı, bu yarışda görmədim. Lakin bəzi turnirlərdə olur. İdmançılarımızın yaxşı nəticələrini görəndə, bəzən qəbul edə bilmirlər.
- Avropa çempionatı başlamamışdan əvvəl Dünya Güləş Birliyi (UWW) hakimlərə hansısa xüsusi tapşırıqlar, təlimatlar vermişdi?
- Sadəcə, ədalətli olmağı bildirmişdilər. Çünki ədalətsizlik idmançının aqressiyasını artıra və bu da xoşagəlməz hallara səbəb ola bilər. Hakim ədaləti tənzimlənməlidir.
- İdarəçiliyiniz müddətində qərarlarınızdan narazı qalan idmançılar oldu?
- Bu yarışda olmadı. Bunu da hiss etmişəm ki, UWW tərəfindən azərbaycanlı hakimlər çox da dəstəklənmir. Amma düşünürəm ki, hakimlərimiz dünyada ən güclüdür. O qədər yarış idarə etmişik ki, artıq “bişmişik” və heç bir cəza görmürük. Uzun illərdir Azərbaycanı beynəlxalq yarışlarda təmsil edirəm. Hələ indiyə qədər heç bir cəza almamışam. Azərbaycan Güləş Federasiyasının hakimlərinin reytinqi çox yüksəkdir.

- Avropa çempionatında I kateqoriyalı hakim kimi iştirak etdiniz. Bu yarışı olimpiya kateqoriyası almaq yolunda növbəti addım hesab etmək olar?
- Bu, olimpiya kateqoriyası almaq baxımından imtahandır. Hər il keçirilən Avropa, dünya çempionatları, reytinq yarışları həm də olimpiya dərəcəsi almaq üçündür. Hazırda üç olimpiya dərəcəli hakimimiz var. Ölkə kiçik olduğu üçün belə hakimlərin sayını artırmaq baxımından çətinliklər var. Amma çalışırıq ki ən yaxşı nəticələri göstərək. Əslində, Azərbaycanda olimpiya kateqoriyasına layiq daha çox hakim var. Sadəcə, say məhdudiyyəti olduğu üçün kateqoriyanı ala bilmirik.
- Azərbaycanda gənc hakimlərin yetişməsi üçün görülən işləri necə qiymətləndirirsiniz?
- Hakimlər Komitəsinin sədri Asif Şirəliyev ən yaxşı referilərimizdən biridir. Yay Olimpiya Oyunlarında, dünya çempionatlarının final görüşlərində idarəçilik edib. Həm də güclü güləşçilərimizdən olub. Nəticə qazana bilən hakimlərə üstünlük verir. Azərbaycanda kifayət qədər beynəlxalq dərəcə almağa layiq gənc hakim var.