AZ

Deputat: "Elə insanlar var ki, dilənçiliyi peşə kimi seçməyiblər, həyat onları bu vəziyyətə gətirib"

"Dilənçiliyin qadağan edilməsi ilə bağlı müzakirə olunan qanun layihəsinin məqsədi başadüşüləndir və ümumilikdə bu təşəbbüsü dəstəkləyirəm. Xüsusilə də, uşaqların dilənçiliyə cəlb olunmasının qarşısını almaq istiqamətində nəzərdə tutulan tədbirləri tam doğru hesab edirəm. Çünki uşaq küçədə deyil, məktəbdə olmalıdır. Onu dilənçiliyə məcbur etmək və ya bundan qazanc vasitəsi kimi istifadə etmək həm insanlıq baxımından, həm də hüquqi baxımdan qəbuledilməzdir. Bu sahədə qanunun sərtləşdirilməsi zəruridir, amma məsələni yalnız inzibati və ya cəza mexanizmi prizmasından qiymətləndirmək də doğru olmaz. Dilənçilik sosial hadisədir və bunun arxasında müxtəlif səbəblər dayanır. Cəmiyyətimizdə elə insanlar var ki, onlar bunu peşə kimi seçməyiblər. Sadəcə, həyat onları bu vəziyyətə gətirib çıxarıb. Xüsusilə, yaşlı insanlar, kimsəsiz şəxslər, ailəsindən və ya sosial mühitindən kənarda qalan insanlar bəzən başqa çıxış yolu tapmadıqları üçün küçəyə üz tuturlar".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, dünyanın, demək olar, bütün ölkələrində bu fenomen mövcuddur: "Hətta sosial təminat sistemləri çox inkişaf etmiş ölkələrdə belə evsiz insanlar və dilənçilər var. Bu səbəbdən bir çox ölkələr məsələyə yalnız cəza vasitəsi ilə deyil, sosial siyasət alətləri ilə yanaşırlar. Qanunun tətbiqində əsas fərq qoyulmalıdır. Dilənçilik təşkilatlanmış şəkildə həyata keçirilirsə, insanları, xüsusilə, uşaqları bu işə cəlb etməklə qazanc əldə edilirsə, bu, artıq sosial yox, cinayət xarakterli fəaliyyətdir və qanun buna qarşı sərt olmalıdır. Amma söhbət həqiqətən ehtiyac içində olan, yaşlı və sosial müdafiəsi zəif insanlardan gedirsə, burada dövlətin reaksiyası cəza deyil, sosial dəstək olmalıdır. Belə insanlar cərimə olunmaqla problem həll edilməyəcək. Əksinə, onları sosial xidmət sisteminə yönləndirmək, sığınacaqlara və yardım proqramlarına cəlb etmək daha düzgün yanaşma olardı. Yəni biz bu qanunu qəbul edərkən cəmiyyətə belə bir mesaj verməliyik: dövlət insan alverinə və uşaqların istismarına qarşı sərtdir, amma həqiqətən ehtiyac içində olan insanlara qarşı isə sosial və humanist yanaşma nümayiş etdirir. Bu yanaşma ilə qanun layihəsini dəstəkləyirəm, əks halda isə əleyhinəyəm".

 

Aytəkin Qardaşova

Tarix: 18 Mart 2026, 12:59   
Seçilən
81
18
pravda.az

10Mənbələr