AZ

Ölkədə xarici qoyunların sayı artır

Rəsmi statistikaya əsasən, bu ilin 1 yanvarına ölkədə inək və camışların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 min, qoyun və keçilərin sayı isə 138,7 min baş azalıb

Azərbaycanda ət qiymətlərinin növbəti dəfə bahalaşması yerli istehsaldakı tənəzzülü yenidən gündəmə daşıyıb.

Hazırda Azərbaycana gətirilən cins heyvanların (həm iribuynuzlu, həm də xırdabuynuzlu) dəyərinin ödənməsinə dövlət dəstək verir: xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Lakin qoyunçuluq sahəsində bu dəstək mexanizmindən istifadə edənlərin sayı barmaqla sayılacaq qədərdir. Çünki gətirilən cins qoyunların saxlanması üçün şəraitin təmin olunması ciddi problem olaraq qalır. Belə qoyunlar xüsusi baxım, qidalanma tələb edir. Bu şərtləri təmin etmək üçün Azərbaycanda yem bazası çox məhduddur, xaricdən idxal olunan yem isə baha başa gəlir.

Məlumdur ki, Azərbaycanda heyvan sayı sürətlə azalır. Rəsmi statistikaya əsasən, bu ilin 1 yanvarına ölkədə inək və camışların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 min baş azalmaqla 1 milyon 207,1 min başa, qoyun və keçilərin sayı isə 138,7 min baş azalmaqla 6 milyon 757,8 min başa düşüb. Bu azalma hələ xaricdən yüz minlərlə idxal fonunda qeydə alınır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycana 33 milyon 52 min dollar dəyərində 306 min 591 baş diri qoyun idxal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 milyon 965 min dollar və ya 82,7 faiz, say baxımından isə 124 min 768 baş və ya 68,6 faiz çoxdur. 2024-cü ildə Azərbaycana 18 milyon 87 min dollar dəyərində 181 min 823 baş diri qoyun idxal olunmuşdu.

Diri qoyun idxalı ilə yanaşı ölkəyə qoyun ətinin idxalında da kəskin artım var. 2025-ci ildə Azərbaycan Monqolustan, Rusiya, Böyük Britaniya, Somali və Yeni Zelandiyadan 3,3 milyon dollar dəyərində 638,4 ton qoyun əti idxal edib. Bu, 2024-cü illə müqayisədə dəyər baxımından 81 faiz, həcm baxımından isə 41 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin verdiyi məlumata görə, hazırda Azərbaycanda qoyunçuluq üzrə 14 genofond var və nazirlik onların sayının artırılmasına dəstək verir: Bunlar  “Qala”, “Qarabağ”, “Qaradolaq”, “Bozaq” cinsləridir. Onlar fermalarda yerli qoyun cinsləri ilə çarpazlaşdırılaraq ilkin mələzlər əldə edilib. Məqsəd həm südlük, həm də ətlik qoyunların yetişdirilməsi idi. Lakin üstündən 4 il keçib, ölkədə ətlik qoyun çatışmazlığı yaranıb. Bu çatışmazlığı isə xaricdən idxalla aradan qaldırırlar. Məhz xaricdən diri qoyun idxalın hesabına rəsmi statistika qoyun əti istehsalında davamlı artım nümayiş etdirir: məsələn, 2024-cü ildə bir il əvvəlki 88,9 min tona qarşı 89,7 min ton qoyun əti istehsalı rəsmiləşib.

Onu da qeyd edək ki, Qarabağ torpaqları işğaldan azad olunduqdan sonrakı 3 il ərzində ölkə rəsmiləri dəfələrlə bu bölgənin qoyunçuluq üçün çox yararlı olduğunu, xüsusilə sürülərin Kəlbəcər, Laçın yaylaqlarına köçürülmə imkanının qoyunçuluqda inkişafa səbəb olacağını elan ediblər. Hətta bu istiqamətdə müəyyən hesablamalar aparılmasına da rast gəlinib. Lakin Dövlət Statistika Komitəsinin hesabatından aydın olur ki, bu gözləntilər özünü doğrultmayıb. 2024-cü ilin sonuna Azərbaycanda qoyunların sayında sürətli azalma davam edib. Həmin il üçün yalnız Xocalı, Xocavənd, qismən Ağcabədi rayonunda qoyunların sayında artım qeydə alınıb. Qalan bütün rayonlar üzrə azalma davam edib.

Bundan əlavə, ölkəyə cins qoyunların gətirilməsi prosesi  dayanıb. Hər halda, son 3 ildə rəsmi statistika diri qoyun idxalının yalnız Gürcüstan və Rusiyadan baş verdiyini qeydə alır. Bu ölkələr isə cins qoyun ixracı ilə məşğul olmurlar.

Beləliklə, Azərbaycanda heyvandarlıq, xüsusilə qoyunçuluq tənəzzüldə qalmağa davam edir. Bu şəraitdə ətə olan tələbat xaricdən diri heyvan idxalını stimullaşdırır. Bu isə öz növbəsində ətin bir sıra hallarda əsassız bahalaşmasına səbəb olur. Belə ki, quru sərhədlərin bağlanması xaricdən diri mal-qoyun idxalının məhdud bir qrupun əlində cəmləşməsi ilə nəticələnib. Həmin qrupun Gürcüstan və Rusiyadan ucuz qiymətə alıb gətirdiyi kiçik quzu və buzovlar Azərbaycanda yenə də məhdud qrupun fermalarında 8-12 aylığa qədər bəslənir, daha sonra kəsimə verilir. Həmin inhisarçı qruplar ölkə daxilində heyvandarlığın bitkiçiliyin xeyrinə sıxışdırılması nəticəsində heyvan sayının azalmasından sui-istifadə edərək, qiymətləri bir çox hallarda əsas olmadan qaldırırlar. Yüksək inflyasiya şəraitində gəlirlərinin daha çox hissəsini ərzağa xərcləməli olan vətəndaş isə bu bahalaşmadan narazıdır. Əhalinin narazılığı fonunda Azərbaycanda ötən ildən heyvanların kəsim yaşına məhdudiyyət qoyulması kimi absurd təklif dövriyyəyə buraxılıb. Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatdan aydın olur ki, hökumət, daha doğrusu,  Qida Təhlükəsizliyi Agentliyi həmin təşəbbüsə hüquqi don geyindirmək niyyətindədir. Agentliyin  hazırladığı və artıq hökumətin müzakirəsində olan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üçün Dövlət Proqramı”nda Azərbaycanda heyvan kəsiminə yaş məhdudiyyətinin qoyulması nəzərdə tutulur. AQTA-da hesab edirlər ki, Azərbaycan əhalisi yüzillər boyu formalaşmış qidalanma mədəniyyətini dəyişərək, qoyunları 6-12 aylıq olanda deyil, 12 aylıqdan yuxarı yaşda kəsib yeməlidir. Halbuki dünyada hökumətlər bunun əksi üçün çalışırlar: əhalini qida dəyəri daha yüksək, insan orqanizmi tərəfindən daha rahat həzm oluna biləcək ətlə təmin etmək. Hansı ki, belə ət 6-12 aylıq qoyunlarda, 12-18 aylıq iribuynuzlu heyvanda olur...

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
68
musavat.com

1Mənbələr