“Atamın evi bombalanıb, qardaşımın 2 yaşlı nəvəsi xəsarət alıb”
İranın Azərbaycandakı səfirliyinin binasında ən son 16 il əvvəl olmuşdum. İslam Respublikasında qadın haqları uğrunda uzun illərdir aparılan mübarizənin müsbət nəticələrini səfirlik divarları arasında da hiss etmək olur. 16 il əvvələ qədər binaya daxil olan qadınların baş örtüyü bağlaması əsas tələb idi. Amma dünən səfirliyin girişindən müsahibənin aparılacağı otağa qədər baş örtüyü tələbi eşitmədim. Hərçənd səfir Müctəba Dəmirçilu bu önəmli sayıla biləcək dəyişikliklə bağlı “biz heç kimi məcbur etmirdik. Səfirliyimizə gələn qadınlar bizə hörmət olaraq könüllü başlarını bağlayırdılar” deyərək səbəb göstərməyə cəhd etdi. Amma ən azından özümün və o zamankı xanım həmkarlarımdan kiminsə başını könüllü bağladığını xatırlamıram.
16 il əvvəlki səfirlərdən fərqli olaraq, səfirin müsahibəyə “Bismillahir-rəhmanir-rəhim” ibarəsi ilə başlamaması da İranda teokratik strukturlarda rahatlamadan xəbər verən əlamət kimi diqqətimi çəkdi.
“Yeni Sabah”ın müsahibi İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçiludur.
– Cənab səfir, hazırda İranda vəziyyət necədir? Ölkənin humanitar yardıma ehtiyacı varmı?
– İran hərbi hücuma məruz qalıb və müharibə aparır. İranın düşməni də (ABŞ) dünyanın güclü ölkəsi sayılır və hərbi sahədə birinci yer tutur. Eyni zamanda sionist rejimi də İrana hücum edib. Amma bu hücumlara baxmayaraq, humanitar sahədə vəziyyət adidir.
İran böyük ölkədir. Xüsusi ilə kənd təsərrüfatı sahəsində İslam Respublikasının istehsalı çox güclüdür. Mühraibədən əvvəl kənd təsərrüfatı malları da ixrac edirdi. Allaha çox şükür ki, bu sahədə elə bir problemimiz yoxdur. Mağazalarda hər şey var. Amma Azərbaycan Respublikasının İrana humanitar dəstəyi əlamətdar hadisə sayılır. Çünki Azərbaycan İrana humanitar yardım göstərən ilk ölkə oldu ki, bununla da özünün xoş niyyətini və xoş baxışını göstərdi. Bizim ortaq mədəniyyətimizdə mövcud olan çətin günlərdə bir-birini düşünüb kömək göstərmək kimi xoş niyyyətin Azərbaycanın İrana humanitar yardımında şahidi olduq. Mən bir daha fürsətdən istifadə edib Azərbaycan Respublikasının hökumətinə və xalqına təşəkkür edirəm ki, bizimlə həmrəylik nümayiş etdirərək rəhbərimiz və vətəndaşlarımızın şəhid olması ilə əlaqədar başsağlığı verdilər.
– İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılır. Hətta müalicə üçün Rusiyaya aparıldığı barədə informasiyalar var. Onun hazırda harada olduğu və səhhəti ilə bağlı nə deyə bilərsiniz?
– İran indi bir hibrid müharibəyə məruz qalıb və bu istiqamətdə dezinformasiya da çoxdur. Təbii ki düşmənlərimiz bu cür məlumatlarla camaatı çaşdırıb, hədəflərinə nail olmağa çalışırdılar. Siz bir Trampın çıxışlarına baxın: keçən 18 gün ərzində dəfələrlə deyib ki, mən İranın hərbi bazalarını, hərbi imkanlarını, dəniz qüvvələrini məhv etmişəm, İran heç nə bacarmır. Amma eyni zamanda başqa ölkələrə yalvarır ki, Hörmüz boğazını açmağa kömək edin. Görürsünüz ki, bu iki durumun arasında fərq var. Ona görə də bu qəbildən olan xəbərlərə önəm vermirik.
Bizim Ali Rəhbərimiz Əli Xamanei 35 ildir istifadə etdiyi ofisində şəhid oldu. Bu ofisi o, 35 il ərzində istifadə edirdi. Çoxları məndən soruşur ki, nə üçün rəhbər bunkerə getmədi, özünü qorumadı. Çünki İranda məsul şəxslər deyirlər ki, biz də sadə insanlar kimi yaşamalıyıq. 90 milyon bunkerə girmədiyi üçün Ali Rəhbərimiz də girmədi. Ali Rəhbərimizlə birlikdə ailə üzvləri də şəhid oldular. Rəhbərimizin harda yaşadığını 35 ildir ki, hamı bilirdi. Ona görə də onun yerini müəyyənləşdirmək hərbi nailiyyət deyildi. Elə o vaxt da təbliğat aparırdılar ki, İranın Ali Rəhbəri ailəsi ilə xaricdədir. Amma bu hadisə göstərdi ki, bütün sözlər yalan və əsassız idi. Ona görə də biz indi deyilən sözlərə də fikir vermirik. Çünki bunlar hibrid müharibənin bir hissəsidir. Onlar çalışırlar ki, həm camaata psixoloji cəhətdən təsir etsinlər, həm də İranın rəsmi şəxslərini reaksiya verməyə məcbur etsinlər. Təbii ki də İran tərəfi susur və heç nə demir.
Rəsmi informasiyaya əsasən, İranın yeni Ali Rəhbəri sağdır, İrandadır. Elə keçən gün də məsul vəzifələrə təyinatla bağlı yeni fərmanlar verdi. Bu məsələdə heç bir problem yoxdur.
– Naxçıvana dron atılması ilə bağlı Azərbaycan və İran prezidentlərinin telefon danışığı zamanı cənab Məsud Pezeşkian hadisənin araşdırılacağını demişdi. Araşdırmanın gedişatı nə yerdədir?
– Bu, çox şübhəli hadisədir. İran zərbə endirdiyi yerləri hər zaman açıq şəkildə elan edir. Hətta müharibə başlamamışdan əvvəl də bu deyilmişdi. İran elan etmişdi ki, İslam Respublikasına hücum zamanı istifadə olunacaq hərbi bazalara qarşı İran özünü müdafiə üçün zərbələr endirəcək. İrana hərbi təcavüz başlanandan sonra İran müdafiə şəklində Fars körfəzində yerləşdirilən hərbi bazalara zərbə endirilməsini çox açıq-aydın şəkildə elan edir. İran Silahlı Qüvvələrinin Baş Qərargahı da rəsmi bəyanat yayaraq bildirdi ki, zərbə endirdiyimiz yerləri elan edirik. Elan etmədiyimiz yerlərə hücum bizimlə bağlı deyil. Çox təəssüf olsun ki, bəzi yerlər şübhəli hücuma məruz qalıb. Çünki bu hücumlar İran tərəfindən olmayıb.
– Siz Naxçıvana edilən dron hücumunun İran tərəfindən edilmədiyini iddia edirsiniz?
– İran rəsmi şəkildə elan edib ki, bu dron İran tərəfindən atılmayıb. Prezidentlərin telefon danışığı zamanı qərar verildi ki, bu məsələ araşdırılsın və aydınlıq gətirilsin. Prezidentlərin qərarı əsasında iki tərəf bu istiqamətdə iş aparıb, informasiya mübadiləsi edirlər. Eyni zamanda İran tərəfi ortaq qrupun təşkilini təklif edib və öz nümayəndələrini də təyin edib. Biz qrupun müştərək iş aparmasını razılaşdırmışıq. Hərbi mütəxəssislər dron hadisəsini araşdırıb aydınlaşdıracaqlar. Hazırda Azərbaycan tərəfində olan informasiya İran tərəfinə, İran tərəfində olan informasiya Azərbaycan tərəfinə mübadilə edilib. İnformasiya mübadiləsinin nəticəsində tərəflər görüşüb müzakirə etmək barədə qərar verəcək. Bu, bir ixtisaslaşmış sahə olduğu üçün informasiya burada çox önəmli sayılır. Ona görə də ilk mərhələdə informasiya mübadiləsi edilməli idi.
– Mübadilə edilmiş informasiyaların məzmunu necədir? Mövcud faktlar İranın bu hadisədə iştirakı olmadığı ilə bağlı iddialarına uyğundurmu?
– Mən mütəxəssislərin məlumatları mübadilə etdiklərini bilirəm, amma hansı nəticəyə gəldikləri barədə informasiyaya sahib deyiləm. Bu iş davam etməlidir ki, bir qəti nəticəyə gəlsinlər və onun əsasında gələcəkdə belə hadisələrin qarşısı alınsın.
– Türkiyə ərazisinə üç raketin atılması ilə bağlı məlumatlar yayıldı və İran bu hadisədə iştirakını istisna etdi. Bu məsələ ilə bağlı mövqeyiniz nədir? Çünki bəzi ekspertlər bu hadisələri İranda mərkəzi idarəetmə sisteminin zəifləməsi ilə əlaqələndirirlər. Bu iddialara münasibətiniz necədir?
– Yox, düzgün deyil. İranda struktur başqa ölkələrdən fərqlidir. Bəzi ölkələrdə prezident həm icra strukturlarına, həm də hərbi strukturlara rəhbərlik edir. Amma İranda hərbi strukturun döyüşlə bağlı olan qolu ali rəhbərə, müdafiə sənayesi isə prezidentə tabedir. Bu indinin məsələsi deyil, keçmişdə də belə olub. Ona görə də burada sistemin işləmədiyini, idarəetmədə boşluq olduğunu demək düzgün deyil.
– Amma prezident baş verənlərə görə üzr istəyib, SEPAH isə bu üzrə qarşı çıxıb…
– Prezident Məsud Pezeşkian çox səmimi bir insandır. İki-üç gün öncə gördünüz ki sadə insanlarla küçəyə çıxmışdı, hamı ilə danışıb şəkil çəkdirirdi. O öz çıxışında dedi ki, biz qonşu ölkələrə hücum etmək istəmirik. Amma bizə təcavüz olunan hərbi bazaların olduğu qonşu ölkələrə özümüzü müdafiə şəklində zərbələr endirmişik. Buna görə də çətinlik yarandığı üçün onlardan üzr istəyirəm. Bu da onun nə qədər alicənab insan olduğunu göstərir ki, qonşusuna narahatlıq verməsinə görə üzr istəyir. Çünki prezident Pezeşkian özü dünyada tanınmış ürək cərrahıdır. Həkimlər insanların, xüsusi ilə xəstə insanların çətinliklərini, ağrılarını hiss edərlər. Bu səbəbdən də qonşu ölkələrə yaranmış çətinliyi gördüyü üçün üzr istəməsi təbiidir.
– Fikirlərinizdə ziddiyyət görünür. Bir yandan dronun İrana aid olmadığını iddia edirsiniz, indi isə deyirsiniz ki, “düşmən hərbi bazalarının olduğu ölkələrə bir problem yaşatmış ola bilərik. Bunu necə anlamalıyıq?
– İran çox açıq və aydın şəkildə deyib ki, bizim əleyhimizə istifadə olunan hərbi bazaları hədəf götürüb zərbə endirir. Eyni zamanda Azərbaycan Respublikasının məsul şəxsləri dəfələrlə bunu elan ediblər ki, Azərbaycan ərazisindən İran əleyhinə istifadə olunmasına icazə verilməyib və verilməyəcək. Biz də buna inanırıq və bu cəhətdən bir problem yoxdur.
– O zaman Məsud Pezeşkianın hərbi bazalarla bağlı dediyi fikirlər hansı ölkəyə aid olub?
– İranın hücumuna məruz qalan hərbi bazaların mövcud olduğu ölkələr…Çünki bu hücumlardan sadə insanlar da əziyyət çəkir. Məsələn, Fars körfəzinin müsəlman ölkələrində hava limanları bağlanıb. Bundan nə qədər sadə insanlar əziyyət çəkir. Hava limanı hərbi baza ilə bağlı deyil, amma hücumdan təsirlənib. Ona görə Prezident Pezeşkian bu məsələyə toxundu.
– Bu gərgin dövrdə şəxsi olaraq ailəniz və yaxınlarınızla əlaqə saxlaya bilirsinizmi? Onların arasında zərər görən və ya itkiləriniz varmı?
– Təbii ki, bir ölkədə müharibə gedəndə, oranın bütün vətəndaşları bundan narahat olur. Mən də hər gün atam, anam, bacım, qardaşım və yaxın qohumlarımla danışıram. Ancaq məsələ yalnız yaxın qohumlarımız deyil, bizim vətəndaşlarımızdır. Mən ancaq öz ailəmə fikir verməməliyəm. Təbiidir ki, müharibə gedən ölkədə 90 milyon vətəndaşımızın taleyi hamımızı narahat edir. Sualınıza cavab olaraq deyim ki, bəli, ailəmizdə xəsarət alanlar var. O cümlədən ata-anamın Tehrandakı evi də hücuma məruz qalıb. Allaha şükür ki, o zaman evdə olmayıblar, amma evə xəsarət dəyib. Əmimin kürəkəni şəhid olub, qardaşımın 2 yaşlı nəvəsinin evlərinin yaxınlığındakı partlayış zamanı şokdan dili tutulmuşdu. Allaha şükür indi yaxşıdır, amma uşaq ağır şok yaşadı o anda.
İranda yaşayış üçün bir problem yoxdur. Bazarda hər şey var. İnsanlar normal alış-verişini edir, gündəlik həyatlarını yaşayırlar. Amma, təbii ki, müharibə öz təsirini də göstərir.