AFFA aşağı yaş qruplarında çıxış edən iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
U-16 Qızlar Liqasının martın 14-də keçirilməsi nəzərdə tutulan "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu baş tutmayıb. Meydan sahibi həkim briqadasını təmin etmədiyi üçün "Turan Tovuz"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında isə "Çinar" klubu "transfer pəncərəsi"nin qeyri-aktiv dövründə qeydiyyata alınan 4 oyunçunu meydana çıxardığı üçün cəzalandırılıb. Sözügedən futbolçuların martın 7-də "Yasamal FM" (Şəmkir) və martın 14-də isə "Qoşqar" komandalarına qarşı oyunlarda iştirakı əsasnamənin pozulması kimi qiymətləndirilib. Bu səbəbdən hər iki görüşün nəticəsi ləğv edilib və "Çinar"a 0:3 hesablı texniki məğlubiyyət verilib.