AZ

Valyuta ölkədən buna görə çıxır

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İran və İsrailə ixrac olunan məhsulların dəyəri azalıb, idxal isə əksinə artıb.

Birləmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə həm ixrac, həm də idxalda artım müşahidə olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı araşdırmaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın İrana ixracı 2 milyon 374 min ABŞ dolları təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,15% azalıb. İdxal olunan məhsullarının dəyəri isə 13,1% artaraq 115 milyon 272 min ABŞ dollarına çatıb. Cari ilin ilk iki ayında Azərbaycandan İsrailə 3 milyon 308 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 67,3% azalma deməkdir. Əvəzində, İsraildən Azərbaycana idxal 2,6 dəfə artaraq 7 milyon 635 min ABŞ dollarına yüksəlib. Birləşmiş Ərəb Əmirlikləri ilə ticarətdə artan dinamika müşahidə edilib.

Belə ki, hesabat dövründə Azərbaycandan BƏƏ-yə 12 milyon 408 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 22,9% çoxdur. BƏƏ-dən idxal isə 2,1 dəfə artaraq 16 milyon 993 min ABŞ dollarına çatıb. 

İran və İsrail ilə ticarətdə ixracın azalması, idxalın isə artması nə ilə izah olunur? Bu, Azərbaycanın ticarət balansına necə təsir edir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, İran və İsraillə ticarətdə ixracın azalması, idxalın isə artması bir neçə səbəblə izah oluna bilər:

“İxracın azalması ölkənin həmin bazarlara çıxış imkanlarının daralması, rəqabətin artması, qiymət dəyişiklikləri və ya məhsulların tələbində azalma ilə bağlı ola bilər. İdxalın artması isə daxili tələbatın yüksəlməsi, qiymətlərin əlverişli olması və ya yerli istehsalın çatışmazlığı ilə əlaqədar baş verə bilər”. 

İqtisadçı qeyd edib ki, bu tendensiya ticarət balansında mənfi saldo yaradır:

“Bu vəziyyət Azərbaycanın ticarət balansına mənfi təsir göstərir. Çünki ticarət balansı ixrac və idxal arasındakı fərqlə ölçülür.

İxrac azaldıqda və idxal artdıqda ölkənin ticarət balansı mənfi olur, yəni ölkə daha çox xarici məhsul alır, daha az satır. Bu isə valyuta axınına, milli valyutanın dəyərinə və ümumi iqtisadi vəziyyətə təzyiq göstərə bilər”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr