AZ

Vençur fond rəhbəri: Startapların əksəriyyəti uğursuz olsa da, seçilənlər böyük qazanc gətirəcək

Bakı, 18 mart, AZƏRTAC

Hazırda vençur kapital fondu olan “Caucasus Ventures”in portfelində 32 şirkətimiz var. Biz o şirkətlərdən bir-iki il öncə, bəzilərindən isə iki ay öncə pay almışıq. Çox sevindiricidir ki, hazırda 32 şirkətin hər biri fəaliyyətini davam etdirir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycanın ilk vençur kapital fondu olan “Caucasus Ventures”in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim deyib.

O bildirib ki, bəzi startaplara olan gözləntilər zamanla azalıb və bu, təbiidir: “Bu startapların bir qisminə olan ümidlərimiz müəyyən qədər azalıb və bu, tamamilə normaldır. Çünki ən yaxşı layihələri seçmək üçün qüsursuz bir texnologiyaya sahib deyilik. Buna görə də portfelimizdə uğursuz investisiyaların olması ehtimalı böyükdür. Bu, ümumilikdə vençur investisiyalarının təbiətindən irəli gəlir, yatırımların əhəmiyyətli hissəsi geri qayıtmır. Lakin uğurlu olan layihələr çox yüksək gəlir gətirə bilir. Hazırda portfelimizdə olan 32 şirkətdən təxminən 5-6-sının həqiqətən yüksək gəlir təmin edəcəyini gözləyirik. Bu startapların əksəriyyəti azərbaycanlılara məxsusdur, lakin fəaliyyətlərini ölkə xaricində qurublar. Onlar əsasən ABŞ, Avropa və Sinqapurda yerləşir”.

Məmməd Kərim qeyd edib ki, portfelin 60 faizini azərbaycanlı startaplar təşkil edir və hazırda vençur fondu tərəfindən 18 azərbaycanlı təsisçiyə investisiya qoyulub. Onlardan təxminən 9-u paytaxtda fəaliyyət göstərir, yəni baş ofisləri Bakıdadır. Bu startapların bir qismi artıq yaxşı göstəricilərlə inkişaf edir, hətta onlardan 3-ü xarici bazarlara çıxmağa başlayıb. “Bu, bizim üçün sevindirici haldır. Çünki əvvəllər yalnız Bakıda fəaliyyət göstərən startapların uğur qazanıb-qazana bilməyəcəyi ilə bağlı müəyyən narahatlıqlar var idi. Sevindirici məqam ondan ibarətdir ki, həmin satraplardan biri artıq Özbəkistan bazarına daxil olub və uğurlu satış nəticələri göstərir”, - deyə təmsilçi bildirib.

O deyib: “Hətta ola bilər ki, həmin startapın satışları artıq Azərbaycandakı göstəriciləri də üstələyib. İkinci startapımız isə Türkiyə bazarına daxil olub və orada da satışları kifayət qədər yaxşıdır, baxmayaraq ki, müəyyən rəqabətlə üzləşir. Startapın təsisçisi özü də etiraf edir ki, rəqabətin nə olduğunu indi daha yaxşı anlayır. Biz isə daim tövsiyə edirik ki, startaplar daha böyük bazarlara yönəlsinlər. Yalnız Bakıdakı uğurlarla kifayətlənmək onları “məhəllə səviyyəli” uğur çərçivəsində saxlaya bilər. Buna görə də, həm dünyada, həm də regionda baş verənləri izləmək və daha geniş bazarlara çıxmaq vacibdir”.

Müxbir - Pərvanə Qafarova

Videooperator – Namiq Abdullayev

Seçilən
81
1
azertag.az

2Mənbələr