AZ

Rəşad Bayramov: “İran rejimi üçün məğlubiyyətin qəbul edilməsi regional nüfuz baxımından böyük itkidir”

“İranın rəhbər vəzifələrdə təmsil olunan şəxslərinin bir-birinin ardınca öldürülməsi ölkənin həm daxili siyasətini, həm də regional təhlükəsizliyini ciddi olaraq sarsıdıb. İranın kəşfiyyat naziri İsmayıl Xətib də daxil olmaqla, yüksək vəzifəli şəxslərin ardıcıl hədəf alınması, Tehran üçün strateji zərbədir. Bu tip hadisələr yalnız hərbi taktika deyil, həm də psixoloji və siyasi mesaj daşıyır, qarşı tərəfə “İranın elit rəhbərliyi təhlükədədir” siqnalını verir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

 

Onun sözlərinə görə, bütün bu itkilərə baxmayaraq, İranın hələ də məğlubiyyətini qəbul etməməsininin isə bir neçə səbəbi var: “İran rejimi üçün məğlubiyyətin qəbul edilməsi həm daxili siyasətdə, həm də regional nüfuz baxımından böyük itki deməkdir. Tehran hələ də özünü qətiyyətli və müqavimət göstərən aktor kimi təqdim etməyə cəhdlər edir. Rejim liderlərə qarşı edilən sui-qəsdlərdən də istifadə edərək bunu “xarici düşmənlərin təzyiqinə qarşı müqavimət” kimi təqdim edərək, daxili dəstəyi qorumağa çalışır. Məğlubiyyəti rəsmi şəkildə etiraf etmək isə sistemin legitimliyinə ciddi zərbə vura və rejimin qalan əsas dayaqlarının sarsılmasına səbəb ola bilər. Rejim də bunu kifayət qədər yaxşı anlayır. Məğlubiyyətin etiraf edilməməsinin digər səbəbi İranın strateji mövqeyi və hərbi potensialını hələ də qismən qoruyub saxlaması ilə bağlıdır. Ordu və SEPAH kimi struktur elementləri fəaliyyətini davam etdirir, raket proqramı və digər hərbi imkanlar müəyyən səviyyədə işlək qalır. Bu isə rejimə tam məğlubiyyətin hələ baş vermədiyi mesajını verməyə imkan yaradır. Tehran, hərbi imkanlarının hələ tam sıradan çıxmadığını vurğulayaraq hərbi balansı qorumağa çalışır. İranın rəhbərliyi məğlubiyyətin qəbulunu təkcə hərbi itkilərlə deyil, həm də siyasi-mədəni faktorlarla qiymətləndirir. Rejim xarici güclərin tələblərinə boyun əyməkdə tərəddüd edir, çünki bu addım regiondakı nüfuzunu və strateji ambisiyalarını sarsıda bilər. Eyni zamanda, ABŞ və İsrailin Tehran üzərindəki təzyiqləri genişmiqyaslıdır, lakin bu təzyiqlərə qarşı müqavimət göstərmək rejimin daxili legitimliyini qorumaq üçün vacib hesab olunur”.

 

R. Bayramov bildirib ki, hazırkı gedişat göstərir ki, İran uzunmüddətli və mərhələli müqavimət strategiyasına üstünlük verir: “Yüksək vəzifəli şəxslərin öldürülməsi, xüsusilə kəşfiyyat və təhlükəsizlik orqanlarının başçılarına qarşı aparılan hədəfli əməliyyatlar, Tehran üçün ciddi itki olsa da, rejim diplomatik kompromis və ya məğlubiyyət etirafı yolunu hələ seçməyib. Bunun əvəzinə, İran həm daxili, həm də regional səviyyədə müqaviməti və strateji mövqeyini qorumağa çalışır, həm də gələcəkdə qarşı tərəflə danışıqlara çıxmaq üçün imkanları qoruyur. Bütün bunlar regionda uzunmüddətli gərginliyin davam edəcəyini göstərir. İranın rəhbərliyinə qarşı hədəfli əməliyyatlar davam etdikcə, həm daxili siyasi stabillik, həm də hərbi və kəşfiyyat qabiliyyəti ciddi sınaqlardan keçəcək. Rejim hələ məğlubiyyəti qəbul etməsə də, uzunmüddətli perspektivdə həm hərbi, həm diplomatik, həm də iqtisadi təzyiqlər Tehran üçün yeni balans nöqtələrinin formalaşmasını tələb edəcək. İranın yüksək vəzifəli şəxslərin ardıcıl öldürülməsinə baxmayaraq məğlubiyyəti qəbul etməməsi strateji və simvolik səbəblərlə izah oluna bilər. Bunlar daxili legitimliyi qorumaq, nüfuzunu saxlamaq və gələcək mümkün danışıqlarda masada məğlub olaraq oturmamaqdan ibarətdir”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Mart 2026, 11:59   
Seçilən
48
pravda.az

1Mənbələr