AZ

Türkmənistan səfiri: Qoy, insanların qəlbi bahar çiçəkləri kimi təravətli olsun VİDEO

Bakı, 19 mart, AZƏRTAC

Novruz əsrlər boyu bir çox millətlərin, o cümlədən Azərbaycan və türkmən xalqının qəlbində və xatirələrində yaşayan ən qədim bayramlardan biridir.

Bu sözləri Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov AZƏRTAC-da yayımlanan videomüraciətində söyləyib.

Səfir deyib: “Əziz Azərbaycan xalqı!

Sizi baharın müjdəçisi, təbiətin oyanması və dünyanın parlaq rənglərə bürünməsinin rəmzi olan beynəlxalq bayram - Novruz münasibətilə səmimi-qəlbdən və hərarətlə təbrik edirəm.

Bu bayram yeni bir günün və həyatın başlanğıcını simvolizə edir.

Ümumi mədəniyyətin inkişafında xüsusi yer tutan və qlobal birlik tərəfindən geniş şəkildə qeyd olunan Beynəlxalq Novruz Günü əsrlər boyu özünəməxsus ənənələri mənimsəyib və dövrümüzdə yeni mənalarla zənginləşib. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının qətnaməsi ilə beynəlxalq səviyyədə bəşəriyyətin mədəni irsinin ayrılmaz hissəsi kimi tanınır.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqını, sizin ölkədə və Türkmənistanda böyük təntənə ilə qeyd olunan bahar bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm!

Hər birinizə səmimi-qəlbdən möhkəm cansağlığı, ailə rifahı, bütün işlərinizdə uğurlar və firavanlıq arzulayıram. Novruz bayramı sizə ruh yüksəkliyi, xoşbəxtlik və yeni imkanlar gətirsin. Qoy, xoş ümidləriniz gerçəkləşsin, insanların qəlbi isə bahar çiçəkləri kimi təravətli olsun!”.

Seçilən
87
4
azertag.az

5Mənbələr