İranda baş verən gərgin hadisələr cəmiyyətin mövqeyi və gələcəkdə vəziyyətin sabit olub-olmaması ilə bağlı suallar doğurur.
İran cəmiyyətində bu hadisələrə münasibət necədir?
Sizcə, yaxın dövrdə vəziyyətin eskalasiya və ya sabitləşmə ehtimalı varmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran güneyli siyasi ekspert Məhəmməd Rəhmanifər deyib.

“İranda rejimə qarşı etirazlar hər zaman olub. Son 5–10 il ərzində isə bu etirazlar daha ciddi və kütləvi xarakter alıb. Hökumət indiyədək aksiyaları ağır repressiya üsulları – güllələmə, öldürmə, döymə və həbslərlə yatırtmağı bacarıb”.
M. Rəhmanifərin sözlərinə görə, rejimə qarşı ən ciddi etirazlardan biri qadın azadlığı hərəkatı olub. Rəsmi məlumatlarda 1500-dən çox insanın güllələnərək öldürüldüyü qeyd edilir. Bu il yanvarın 8–9-da bəzi qeyri-rəsmi statistikaya əsasən, 30 minə yaxın insanın meydanlarda birbaşa güllələnərək qətlə yetirildiyi iddia olunur. Rejim bu günə kimi İranda yaşayanlara qarşı çox sərt, yırtıcı və qantökən şəkildə yanaşıb.
Xarici müdaxilələrə toxunan siyasətçi bildirib:
“İsrail və ABŞ-ın İrana qarşı həmləsi buradakı xalqları ikiyə ayırıb. Rejim tərəfdarı olanlar müxalifdirlər və hücumlara qarşıdırlar. Bu, çox normaldır. Amma rejimə qarşı olan böyük əksəriyyət hücumları dəstəkləyir. Çünki onlar gördü ki, xiyabanlara çıxsalar da, etiraz etsələr də bu qəddar rejimin qarşısında təkbaşına iş görə bilməyəcəklər. Onların bir çoxu hücumların nəticələrinə və rejimin dəyişdirilməsinə ümid bağlayıblar”.
“Bəzən ABŞ və xüsusilə Netanyahu tərəfindən İranda rejim dəyişikliyi məsələsi açıq şəkildə gündəmə gətirilib. Xalqlara gəldikdə, İranda təəssüflər olsun ki, həmrəylik yoxdur. Müxtəlif etnik-siyasi qruplar fərqli cəbhələrdə yer alır. Farslar arasında belə vahid mövqe yoxdur: bir qrup əvvəlki şahın oğlunu dəstəkləyərək, İranın yenidən səltənət sisteminə qayıda biləcəyini düşünür. Digər qrup isə cumhuriyyətçidir”, — deyə siyasətçi qeyd edib.
Qeyri farslardan bəhs edən Məhəmməd Rəhmanifər vurğulayıb:
“Güney Azərbaycan türkləri, kürdlər, ərəblər, bəluclar, türkmənlər və s. şahın oğlunun qayıtmasına və yenidən o rejimin qurulmasına müxalifdirlər. Öncəki tarixi təcrübələr də bunu göstərir. Onlar bunu meydanlarda da dilə gətiriblər. Bu, İranın gələcəyini mürəkkəb hala gətirir. Çünki müxalifətdə birlik yoxdur. Hətta etniklər arasında da həmrəylik görünmür. Məsələn, kürdlər Güney Azərbaycan türklərinin torpaqlarına göz dikiblər. Bəzən bunu rəsmi şəkildə dilə də gətiriblər. Xüsusilə də Türkiyə və Güney Azərbaycanın sərhəd kənarında olan şəhərlərini ayırmaq istəyirlər. Baxmayaraq ki, orada yaşayan insanların əksəriyyəti
Cənubi Azərbaycan türkləridir. Təbii ki, burada hər an iç savaş da başlaya bilər. Çünki Güney Azərbaycan türkləri torpaqlarından ayrılmaq istəməzlər”.
“Bütün bunları yan-yana qoyanda, indiki şəraitdə gələcəkdən danışmaq mümkün görünmür. Bu savaşı Tramp və Netanyahunun harada dayandıracağı vacibdir. Əgər onlar rejimi devirməsələr, biz İranda əvvəlkindən də betər radikal bir sistemin gəlməsinə şahid olacağıq. Həm daxili, həm də xarici siyasətdə daha sərt rejimlə üz-üzə olacağıq. İçəridəki ayaqlanmalar, kürd və türk davası hər an başlaya bilər”, — deyə o, sonda açıqlayıb.
Dəniz Pənahova
KONKRET.az