AZ

Qalibafdan Vaşinqton və Təl-Əvivə "riyaziyyat dərsi" – "İranın raket qurğularının 320%-ni məhv ediblər"

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ və İsrail hərbçilərinin İranın raket potensialının məhv edilməsi barədə yaydıqları hesabatları sosial şəbəkə hesabında kəskin məsxərəyə qoyub.

Musavat.com xəbər verir ki, Qalibaf özünün "X" (keçmiş Twitter) səhifəsində rəqib tərəfin rəqəmlərinin məntiqsizliyini və reallıqdan uzaq olduğunu nümayiş etdirən satirik paylaşım edib. "İsrail və Amerika hərbi rəsmilərinin bəyanatlarına görə, indiyə qədər İranın raket buraxılış qurğularının 320%-i məhv edilib! Buna baxmayaraq, İran yüksək intensivliklə raket buraxmağa davam edir", - deyə spiker qeyd edib. O, həmçinin istehza ilə əlavə edib ki, görünür düşmən indi bu rəqəmi 500%-ə çatdırmaq niyyətindədir: "ABŞ ordusu üçün unikal nailiyyətdir".

Qeyd edək ki, bu bəyanat İsrail Müdafiə Ordusunun (ÇAXAL) İranın ballistik raket buraxılış qurğularının 70%-nin sıradan çıxarıldığı və raket istehsalının tamamilə dayandırıldığı barədə rəsmi hesabatından dərhal sonra səslənib. Qalibafın bu çıxışı Tehranın hələ də kifayət qədər raket arsenalına malik olduğunu və İsrailin mərkəzi rayonlarına (Təl-Əviv, Lod, Rişon Lezion) endirilən son kasetli raket zərbələrinin bunun sübutu olduğunu göstərmək məqsədi daşıyır. Hərbi ekspertlər hesab edirlər ki, tərəflər arasında gedən bu "rəqəmlər savaşı" həm də daxili auditoriyanı sakitləşdirmək və qarşı tərəfin hərbi uğurlarını heçə endirmək üçün aparılan informasiya müharibəsinin tərkib hissəsidir. Lakin Qalibafın ironik "320%" ifadəsi beynəlxalq mediada geniş rezonans doğuraraq Pentaqonun hesabatlarının doğruluğunu sual altına qoyub.

Musavat.com

Seçilən
37
50
musavat.com

10Mənbələr