AZ

Türkiyədə təhsil alan tələbələrə XƏBƏRDARLIQ: Bu qruplarda pul mübadiləsi etməyin, əks halda…

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin valyuta mübadiləsi etməsi üçün yaradılan “Para transferi” votsap qrupunda bir neçə həmyerlimizə qarşı dələduzluq hadisəsi baş verib.

Faktla bağlı KONKRET.az-a müraciət edən iki tələbə bildirib ki, sözügedən qrup vasitəsilə onlardan birinin 290, digərinin isə 138 manatı mənimsənilib.

Zərərçəkmiş İslam Alməmmədov məsələyə belə aydınlıq gətirib:

“Hadisə martın 11-də axşam saatlarında baş verib. Məni aldadan şəxs pul transferi etdiyimiz qrupda yoxdur. Təəccüblüdür ki, qrupda olmaya-olmaya mənim mesajım ona necə çatıb? Çox güman ki, qrupdan biri göndərib. Mənə qarşı dələduzluq edən şəxsi ümumiyyətlə tanımıram. Sadəcə olaraq tələsik valyuta dəyişməli olduğum üçün həmin şəxsin qrup üzvləri arasında olub-olmadığını yoxlamadım. Pulu onun kartına göndərdim, o da 10 dəqiqə ərzində mənim kartıma pul transfer edəcəyini dedi. Lakin həmin gün ondan xəbər çıxmadı. Bir gündən sonra həmin şəxsə başqa bir nömrədən mesaj yazdım. Aramızda kiçik mübahisə yarandı. Sonda mənə 290 manatı geri qaytaracağını dedi, lakin qaytarmadı”.

İslam Alməmmədovun dediyinə görə, həmin gün başqa bir tələbə qız da eyni halla üzləşib. Həmçinin bu hadisəyə qədər də qrupda bir neçə dələduzluq halı baş verib. Nəticədə bir neçə tələbə ayrı-ayrılıqda 1000-2000 manat civarında zərərə uğrayıb.

Müxbirimiz məsələ ilə bağlı “Para transferi” votsap qrupunun yaradıcısı, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydınla da əlaqə saxlayaraq mövqeyini öyrənib:

Cavid Aydın bildirib ki, Türkiyədə bir çox valyutadəyişmə qrupları var. “Belə qruplar həm tələbələr, həm də adi vətəndaşlar arasında təşkil olunur. Çünki Türkiyə ilə Azərbaycan arasında dəstək məqsədilə ən asan şəkildə bu yolla pul transfer etmək mümkündür. Ancaq bəzən başqa qruplarda sıxıntılar yaşandığı üçün bizim “Gənclik qolları”ndan belə bir təklif gəldi ki, dərnəyin “Gənclər votsap qrupu”ndan əlavə “Para transferi” alt qrupu yaradaq. Açığı, mən ilk anda buna qarşı idim, çünki Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbəri kimi adımın bu cür qruplarda hallanmasını istəmirdim”.

Dərnək rəhbərinin sözlərinə görə, qrupu yarandığı gündən tələbələr özləri idarə edib.

“Təklif etdim ki, dəqiq baza və məlumatlar toplansın. Qrup yaradıldıqdan sonra ora üzv olan bütün şəxslərdən telefon nömrələri, Eskişehirdə təhsil aldıqlarına dair sənədləri də ora əlavə olundu. Hamısı azərbaycanlı tələbələr idi. Qrup istifadəyə veriləndə məlumatlar bölməsində pul dəyişən zaman qarşı tərəfin şəxsiyyətinin dəqiqləşdirilməsinin vacibliyi də qeyd olunmuşdu. Qrupdan kənar hər hansı bir nömrədən mesaj gəldiyi halda əlaqə yaradılmaması tövsiyə edilmişdi. Deməyim odur ki, tələbələrə əvvəlcədən bu və buna bənzər xəbərdarlıqlar olunub”, — deyə C.Aydın vurğulayıb.

Dərnək rəhbəri məlum dələduzluq faktını belə izah edib ki, “Qrup daxilində olan tələbələrdən kimsə pul dəyişmək istəyənin nömrəsini kənar şəxsə ötürür və izi itirmək üçün başqasının adı ilə bu şəkildə dələduzluq edir”.  Əlavə edib ki, ilkin mərhələdə qrupda mesajı ilk görən adam şübhə yarada bilər. Lakin bundan tam əmin olmaq çətin olduğu üçün hadisəni birbaşa həmin şəxslə əlaqələndirmək də düzgün olmaz. Çünki bəzən xüsusi proqram vasitəsilə qrupdan gizli istifadə etmək halları mümkün ola bilər”.

C.Aydın sonda onu da qeyd edib ki, “Ən böyük qəbahət pul dəyişmək istəyən şəxsin özündədir. Çünki tanımadığı və qrupla əlaqəsi olmayan bir nömrəyə vəsait göndərib. Tanınmadığı şəxslə valyuta mübadiləsi aparanda diqqətli olmalı idi. Mən həmin qrupda yoxam və bu kimi hallar baş verdiyi üçün “Gənclik qolları”na göstəriş verdim ki, qrup ləğv edilsin. Bu dəfə də azərbaycanlı tələbələr etiraz etdilər ki, zərərçəkənin səhvinə görə qrup bağlanmasın. Bildiyim qədər hazırda tələbələr müstəqil şəkildə yeni para transferi qrupu yaradıblar”.

Məsələni hüquqi cəhətdən şərh edən hüquqşünas Ramil Süleymanov isə bildirib ki, hadisə Türkiyə ərazisində baş verdiyi üçün zərərçəkənlər mütləq yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalıdırlar:

“Ərizədə pul köçürməsi, yazışmalar, bank rekvizitləri və digər sübutlar mümkün qədər detallı şəkildə təqdim olunmalıdır. Bu məlumatlar istintaqın başlanması və şübhəli şəxsin müəyyən edilməsi baxımından həlledici rol oynayır.

Eyni zamanda bu tip dələduzluq hallarında cinayət tərkibinin müəyyən olunması üçün vurulan zərərin məbləği və əməl forması hüquqi qiymətləndirmədə əsas meyarlardandır. Lakin məbləğdən asılı olmayaraq, vətəndaşın aldadılması və əmlakının mənimsənilməsi faktı araşdırma predmetidir və hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Əgər vəsaitin göndərildiyi bank hesabı, kart nömrəsi və ya şübhəli şəxsin kimliyi ilə bağlı hər hansı məlumat mövcuddursa, bu, istintaqın daha sürətli aparılmasına imkan yaradır. Belə hallarda Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları arasında hüquqi əməkdaşlıq mexanizmləri də işə düşə bilər.

Ümumilikdə, vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələr və mesajlaşma platformaları üzərindən aparılan maliyyə əməliyyatlarında son dərəcə diqqətli olsunlar, qarşı tərəfin şəxsiyyətini dəqiqləşdirmədən və onun etibarlılığına əmin olmadan pul köçürməsi həyata keçirməsinlər. Əks halda, bu cür situasiyalarda hüquqi müdafiə prosesi mümkün olsa da, vəsaitin geri qaytarılması hər zaman asan olmur”.

Seçilən
61
1
konkret.az

2Mənbələr