Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Azərbaycanın İranda səfiri olmuş professor Nəsib Nəsibli cavablandırıb. Nəsib Nəsibli ilə fevralın 28-dən başlanan və artıq 20 gündür davam edən hərbi əməliyyatların gedişi və gözləntilər barədə söhbət etmişik.
Müsahibəni təqdim edirik:
- Nəsib bəy, İranda ən iri fiqurlar bir-bir “ov”lanır və aradan götürülür. ABŞ-İsrail qüvvələri bu gedişatla hansı hədəfə çatmaq istəyir?
- Zənnimcə, İranda əsas simaların öldürülməsində məqsəd şəxsi qərəz məsələsi deyil. Sadəcə, hədəf bu yolla İran dövlətini zəiflətmək, mümkünsə olsa, onu dəyişməkdir. Baxın, ABŞ və İsrail son 20 gündə xeyli irəli gedib. İranda isə hakimiyyətin başında dayananların öldürülməsinin yerinə ya müavinləri, ya kənardan şəxslər gətirilir. Amma özünü təsdiq etmiş, təcrübəli şəxslərin öldürülməsi istənilən halda hakimiyyətin zəifləməsinə səbəb olur. Məqsəd də budur. Yəni nüfuzlu və qərar qəbul edən şəxslərin öldürülməsi ilə hakimiyyət zəiflədilir. Məncə, bu gedişlə ABŞ və İsrail İranı diz çökdürüb əfv diləməsini, yalvarmasını istəyir.
- 20 günün içində hakimiyyətin ən yüksək eşelonunda olanlar öldürülürsə, hakimiyyət anlamalıdır ki, dayanmaq və masaya oturmaq zamanıdır. Amma SEPAH hələ də İsrailə və körfəz ölkələrinə zərbələr endirir. Bu müqavimətin səbəbi və ya arxayınlığı nədəndir?
- Nəzərə alın ki, İrandakı rejim ideoloji bir sistemdir. Bu ideologiyaya bağlı şəxslər var. Onlar isə 5-10 nəfərdən ibarət deyil. Ölkədə minlərlə belə adam var. İranda “hamı islam respublikasının əleyhinədir” demək yanlış olar. Hazırda minlərlə adam teokratik sistemin tərəfdarıdır. Həmin təbəqənin böyük hissəsi hesab edir ki, ABŞ və İsrailə qarşı sona qədər mübarizə aparmaq lazımdır. Hətta bu mübarizənin perspektivi olmadığını görəndə belə, yenə də ideoloji bağlılıq onları mübarizə aparmağa çağırır. Hamı bilir ki, İranın indiki gücü ilə ABŞ-İsrail qüvvələrinin potensialı arasında 100 qat fərq var. Ona görə də İranın müqaviməti rasional yanaşma deyil, sadəcə, ideoloji baxışdan qaynaqlanır. Ola bilsin ki, bəziləri “hamı ölür, biz də ölüb cənnətə gedərik” düşünür. Halbuki normal düşünən adamlar buna gülür. Ancaq o adamlar buna inanaraq dirəniş göstərməyi seçirlər.
- Necə hesab edirsiniz, daha 20 gün sonra rejimin vəziyyətini necə görə bilərik və əməliyyatlar tezliklə bitə bilərmi? Ümumiyyətlə, rejimin dəyişəcəyinin əlamətləri görünürmü?
- Rejimin dəyişməsi İranın müqavimətindən daha çox ABŞ-da Trampın siyasətinə artan təzyiqlərdən asılıdır. İranın müqaviməti dediyim kimi, daha çox hissiyyat səviyyəsindədir. Çünki hərbi və strateji əhəmiyyəti olmayan obyektləri dağıdırlar. Hətta siyasi əhəmiyyəti olmayan addımlar atılır. Bu, İranda resursların tükənməsinin yox, azalmasının işarəsidir. Rejimin tamamilə dəyişməsi məsələsi isə sonradan ortaya çıxdı və media səviyyəsində ictimailəşdi. İran mövzusunda əsas məsələ və hədəf nüvə proqramı ilə bağlı idi. Sadəcə, Əli Xameneinin öldürülməsindən sonra rejimin dəyişməsi fikri ortaya çıxdı. Məncə, buna qədər belə bir hədəf qoyulmamışdı. Yəni işin gedişində bu ümid yarandı. İndiki situasiyada isə rejimlə bağlı məsələ İranın müqavimətindən daha çox Tramp hökumətinə təzyiqlə bağlıdır. Konqres və Senat ciddi təzyiq göstərir. Və bu təzyiqlər arta bilər. O zaman Tramp deyə bilər ki, biz qalib gəldik və bu yerdə dayanırıq. Digər tərəfdən isə İsrail israr edir ki, məsələni birdəfəlik kökündən qurtaraq. Ancaq ABŞ buna gedəcəkmi? Bu, bir-iki həftədən sonra bəlli olacaq. Yəni İranın 1-2 raket atması, yaxud PUA hücumları ilə heç nə olmur. İsraildə obyekti vurmaqla müharibənin gedişini dəyişə bilməzlər.
Emil Salamoğlu
Musavat.com