AZ

Hikmət Babaoğlu: “Prezidentin Qarabağa hər səfəri...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Xocavənd rayonunun Xanoba kəndində görülən bərpa-quruculuq işləri ilə tanış olub.

Ölkə başçısı kənd sakinləri ilə görüşü zamanı bildirib ki, işğal dövründə yaşayış məntəqələri tamamilə dağıdılıb, lakin hazırda həmin ərazilər sürətlə yenidən qurulur:

“Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdu. 

Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi.

Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar”.

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin Qarabağa hər səfəri milli inkişafımızın bir mərhələsi kimi yadda qalır. 

O qeyd edib ki, bu səfərlər, eyni zamanda, Qarabağın daha bir hissəsinin abadlaşdırılması və “Böyük Qayıdış” prosesinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Novruz bayramlarında Qarabağa səfər etmələri isə ayrıca tarixi hadisə kimi yadda qalır.

Çünki Novruz bayramı Azərbaycan xalqının ən qədim milli bayramlarından biridir, bəlkə də birincisidir. Bu bayram yaz gecə-gündüz bərabərləşməsi və yeni ilin başlanğıcı ilə bağlı xüsusi astronomik hadisəyə həsr olunur.

Təəssüf ki, hər bir azərbaycanlının ürəyinin bayramı hesab edilən bu bayramı biz 30 il Qarabağsız qeyd etmişik və buna görə də onu ürəkdən, tam mənada yaşaya bilməmişik. Xocavəndin Xanoba kəndinə səfəri zamanı Prezident bildirib ki, artıq 6 ildir Novruz bayramını Qarabağda qeyd edir. 

Bu, hər birimizdə milli qürur hissi yaradan mühüm hadisədir. Bu gün Azərbaycan xalqı sevincini tam və təntənəli şəkildə yaşayır. Çünki bu gün artıq Azərbaycan bütövdür, Qarabağ Azərbaycandır! Şərqi Zəngəzur Azərbaycandır!”.

Deputat vurğulayıb ki, Qarabağa qayıdışın başqa bir mühüm əhəmiyyəti də var:

“Bu gün Qarabağa yatırılan investisiyalar, inşa edilən qəsəbələr və salınan şəhərlər sabah Azərbaycan iqtisadiyyatının böyüməsinə və ölkənin daha da güclənməsinə gətirib çıxaracaq.

Əgər biz bu gün Xocavənd rayonundan 10-15 kilometr uzaqlıqda yerləşən bir kəndin açılışına şahidlik ediriksə, bu o deməkdir ki, Qarabağın bərpası və Böyük Qayıdış prosesində artıq yeni bir mərhələyə qədəm qoyuruq. 

Artıq təkcə rayon mərkəzləri və şəhərlər deyil, kənd və qəsəbələr də bərpa olunur və vətəndaşlarımız öz doğma torpaqlarına qayıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, hazırda Şərqi Zəngəzur və Qarabağda 80 mindən çox insan yaşayır. Bu isə o deməkdir ki, “Böyük Qayıdış” proqramının birinci mərhələsini uğurla başa vurmuşuq. Növbəti mərhələdə isə bu prosesin ikinci mərhələsi olacaqdır”. 

Hikmət Babaoğlu əlavə edib ki, bu, tarixdə nadir rast gəlinən xalq–hakimiyyət birliyinin bariz nümunəsi olmaqla həm mənəvi dəyərlərimizi zənginləşdirir, həm də milli gücümüzü artıraraq gələcək güclü Azərbaycanı təyin edir:

“Bununla yanaşı, bu prosesin digər mühüm tərəfi də var ki, bu da mənəvi birlik və milli həmrəylik baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa səfərləri zamanı Azərbaycan xalqının birlik ruhuna bir daha şahidlik edirik.

Uşaqdan böyüyə, yeniyetmədən ağsaqqala qədər cəmiyyətin bütün təbəqələri dövlət başçısına böyük sevinc və səmimiyyətlə qucaq açır, Birinci vitse-prezidentimizi isti sevgi dalğası ilə qarşılayır. 

Bu, tarixdə nadir rast gəlinən xalq–hakimiyyət birliyidir ki, bu da mənəviyyatımızı zənginləşdirərək, gücümüzə güc qataraq gələcək daha güclü Azərbaycanın formalaşmasına töhfə verir”.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr