AZ

Ölü bir beyin 12 illik dəhşətli cinayəti necə üzə çıxardı? - FOTOLAR

İngiltərədə təbii səbəblərdən öldüyü güman edilən bir qadının beyin toxumasının elmi araşdırmalar üçün bağışlanması onun əslində qətlə yetirildiyini ortaya çıxarıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, 2010-cu ildə İngiltərədə məktəb katibəsi, 47 yaşlı Dayan Stüart evində ölü tapılıb. 

Əri İan Stüart təcili yardım çağıraraq onun bağçada qıcolma keçirdiyini bildirib.Halbuki Dayanın sonuncu epilepsiya tutması 18 il əvvəl baş vermişdi. 

Buna baxmayaraq, ölüm səbəbi epilepsiya kimi qeydə alınıb. Qadının cəsədi yandırılsa da, beyni elmi tədqiqatlar üçün bağışlanıb.

Dayanın ölümündən təxminən bir il sonra İan tanış olduğu 51 yaşlı Helen Beyli ilə yaxın münasibət qurub. Onlar iki il ərzində birlikdə yaşayıblar. Lakin Helenin taleyi də Dayanınkı kimi olub. 

İan onu boğaraq qətlə yetirib və cinayəti gizlətmək üçün qadının meyitini evin kanalizasiya çuxurunda gizlədib. İanın bu əməli uzun çəkməyib.Cəsəd üç ay sonra aşkar edilib. 

Helenin qətli ilə bağlı saxlanılan İanın işi araşdırılarkən polis onun keçmiş həyat yoldaşının ölümünü də yenidən gündəmə gətirib.

Bu dəfə Dayanın bağışlanmış beyin toxuması daha diqqətlə analiz olunub. Mütəxəssislər epilepsiya əlamətləri əvəzinə oksigen çatışmazlığı nəticəsində yaranan beyin zədələnməsi aşkar ediblər.

2022-ci ildə tamamlanan istintaqın nəticələrinə əsasən, İan Stüart Dayanın qətlində də təqsirli bilinib. Onun cinayətləri sığorta pulunu əldə etmək məqsədilə törətdiyi ehtimal olunur. Ona ömürlük həbs cəzası verilib.

Mütəxəssislər bildirirlər ki, bu hadisədən sonra beyin otopsiyasına yanaşma əhəmiyyətli dərəcədə dəyişib.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr