AZ

Orban Avropa İttifaqı sammitində Ukrayna ilə bağlı mövqeyini təsdiqləyib

Budapeşt, 19 mart, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitində Ukrayna ilə bağlı sərt mövqeyini bir daha təsdiqləyərək, Aİ-nin birgə qərarlarını dəstəkləməkdən imtina edib.

AZƏRTAC Macarıstan mediasına istinadla xəbər verir ki, Orban Budapeştin Kiyevə dəstək tədbirləri, o cümlədən maliyyə yardımı ilə bağlı təşəbbüsləri hələlik təsdiqləməyə hazır olmadığını bəyan edib. O qeyd edib ki, bu məsələlər Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı problemlər həll olunmadan razılaşdırıla bilməz. Söhbət daha əvvəl döyüş əməliyyatları nəticəsində zədələnmiş “Drujba” neft kəməri vasitəsilə neft tədarükünün bərpasından gedir.

Orban vurğulayıb ki, Macarıstan milli maraqlarını rəhbər tutacaq və ölkə iqtisadiyyatına zərər verə biləcək qərarları dəstəkləməyəcək. O, həmçinin digər Aİ ölkələrinin təzyiqlərinə baxmayaraq, Budapeştin mövqeyinin dəyişmədiyini bildirib.

Avropa mediasının məlumatına görə, Ukraynaya təxminən 90 milyard avro məbləğində yardım paketinin bloklanması ilə bağlı mübahisə sammitin əsas mövzularından biri olub. Aİ-nin bir sıra liderləri Macarıstanın addımlarından narazılıq ifadə edərək, bunu ittifaqın birliyinə təhdid kimi qiymətləndiriblər.

Ukrayna iqtisadiyyatını qorumaq və hərbi xərcləri qarşılamaq üçün təcili maliyyələ dəstəyinə ehtiyac duyur. Tərəflər arasında danışıqlar isə davam edir, lakin hələlik kompromis əldə olunmayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
133
2
azertag.az

3Mənbələr