ain.az, Sherg.az saytına istinadən bildirir.
"Tramp üçün “sülh” daha çox siyasi ritorikadır. Əsas prioritet isə iqtisadi maraqlardır. O bu maraqlara bəzən sərt, hətta müharibə yolu ilə nail olmağa çalışılır"
İsrail-ABŞ-İran müharibəsi regionda gərginliyi yeni mərhələyə daşıyıb. Proseslərin gələcək istiqaməti ilə bağlı müxtəlif ehtimallar gündəmdədir. Mövcud vəziyyət hərbi əməliyyatların genişlənməsi ehtimalını tam istisna etməsə də, daha çox taktiki dəyişikliklər və yeni mərhələyə keçid kimi qiymətləndirilir. Eyni zamanda, bu proseslər yalnız İran daxilində deyil, bütövlükdə regionun təhlükəsizlik balansına, enerji marşrutlarına və geosiyasi münasibətlərə də təsir göstərir. Bu kontekstdə həm böyük güclərin, həm də region ölkələrinin mövqeyi xüsusi əhəmiyyət daşıyır.
Sabiq millət vəkili, politoloq Qulamhüseyn Əlibəyli regionda baş verən son hadisələrlə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Qulamhüseyn bəy, İrandakı son proseslərlə bağlı nə düşünürsünüz? Müharibənin miqyası genişlənə bilərmi?
-Müharibənin miqyasının daha da genişlənməsindən söhbət getmir, amma yeni mərhələnin başlaya biləcəyi istisna deyil. Çünki artıq raket və aviasiya zərbələri kifayət qədər endirilib. SEPAH-ın hərbi strukturuna ciddi ziyan vurulub. Əslində, müharibənin məqsədi SEPAH-ın zəiflədilməsi və rejimin dəyişdirilməsi idi. Rejimin rəhbəri də öldürülüb, qırxdan çox yüksək vəzifəli şəxs aradan götürülüb. Bu, mahiyyət etibarilə qətldir və başqa cür qiymətləndirmək mümkün deyil.
Hazırda Hörmüz boğazının bağlanması İrana müəyyən üstünlük verir. Bu günə qədər tərəflər quru müharibəsindən çəkinirdilər. Çünki quru əməliyyatları daha risklidir. Ərazi yaxşı tanınmır, lakin SEPAH məhz quru müharibəsinə daha çox hazırlaşıb. Görünür, ya qüvvə toplanır, ya da quru əməliyyatları ilə bağlı təhdidlər səsləndirilir.
Hörmüz boğazının açılması məsələsi ilə bağlı müharibə ehtimalı var. Bu strateji nöqtənin nəzarətə götürülməsi və ümumilikdə neft ixracına ABŞ-nin nəzarət etməsi prosesi baş verə bilər. Quru əməliyyatları zamanı dəniz piyadalarının çıxarılması da mümkündür. Amma hesab edirəm ki, bu halda belə, İsrail və ABŞ dərhal istədiklərinə nail ola bilməyəcəklər.
-Azərbaycan və ümumiyyətlə Türk dünyasının bu proseslərə mövqeyinə necə baxırsınız?
Hazırda həm Azərbaycanın, həm də Türkiyənin mövqeyi normal və balanslı mövqe kimi qiymətləndirilməlidir. Biz yaxın qonşuluğumuzda müharibə olmasını istəmirik. Müharibənin dayandırılması üçün müəyyən səylər göstərilib və göstərilir. Xüsusilə Türkiyə bu istiqamətdə aktivdir. Amma bu müharibə bizdən asılı olmadan başlayıb.
Belə bir şəraitdə təxribat xarakterli hərəkətlərlə də qarşılaşırıq və onlara cavab verilməlidir. O cümlədən Naxçıvan aeroportuna edilən hücuma adekvat reaksiya verilməlidir.
Bununla belə, nə Azərbaycan, nə də Türkiyə birbaşa hərbi əməliyyatlara qoşulmamalıdır. Yalnız o halda müdaxilə mümkündür ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün real təhlükə yaransın. Kürd silahlı dəstələrinin bu prosesdə istifadə olunması gündəmdədir. Cənubi Azərbaycanı onlar üçün müxtariyyət elan etmək istəyirlər. Belə bir vəziyyətdə Azərbaycan və Türkiyə soydaşlarımızın qorunması üçün müdaxilə edə bilər.
-Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu proseslər fonunda “Tramp marşrutu” layihəsi gecikə bilər. Sizcə, ABŞ bu layihədən imtina edə bilərmi?
-İmtina edəcəyini düşünmürəm, amma gecikmə mümkündür. Çünki hazırda ABŞ-nin diqqəti daha çox İran nefti üzərində nəzarəti təmin etməyə yönəlib. Müharibənin əsas yükü də onun üzərinə düşür.
“Tramp marşrutu” isə böyük geosiyasi və geoiqtisadi layihədir. Bu layihə ilə bağlı artıq razılaşmalar əldə olunub, maliyyə ayrılıb, hətta planlaşdırma işləri üçün mütəxəssislər də cəlb edilib. Sadəcə, vəsaitlərin ayrılması və icra prosesi müəyyən müddət ləngiyə bilər.
Ümumilikdə isə ABŞ-nin bu layihədən imtina etməsi real görünmür. Çünki Tramp geosiyasətdən daha çox geoiqtisadi maraqlara üstünlük verir. O, həm enerji resurslarını bazara çıxarmaq, həm də nəqliyyat yollarına nəzarət etmək istəyir. Layihədə yaradılmış şirkətin böyük hissəsi də ABŞ ilə əlaqəlidir. Bu səbəbdən iqtisadi baxımdan sərfəli layihədən imtina etmələri inandırıcı deyil.
-Tramp bir tərəfdən özünü sülhpərvər prezident kimi təqdim edir, digər tərəfdən isə müharibələr aparır. Bu ziddiyyət nədən qaynaqlanır?
-Bu məsələdə mövqe artıq kifayət qədər aydındır. Sülh təşəbbüsləri, Sülh Şurasının yaradılması Trampın həqiqətən sülh istəməsindən daha çox siyasi imicinə xidmət edir. Görürük ki, Qəzza məsələsi artıq arxa plana keçib.
O, müxtəlif “sülh layihələri” ilə çıxış edir və özünü Nobel Sülh Mükafatına layiq göstərmək istəyir. Amma iştirak etdiyi və ya təsir göstərdiyi münaqişələrin heç birində real və davamlı uğur əldə olunmayıb.
Yeganə müəyyən nəticə kimi Azərbaycan və Ermənistan arasındakı vəziyyəti göstərmək olar. Amma faktiki olaraq bölgədə onsuz da nisbi sabitlik və sülh mövcud idi.
Bu baxımdan, Tramp üçün “sülh” daha çox siyasi ritorikadır. Əsas prioritet isə iqtisadi maraqlardır. O bu maraqlara bəzən sərt, hətta müharibə yolu ilə nail olmağa çalışılır.
-Bu gün ABŞ-nin müdafiə naziri Pit Hekset bildirib ki, İrana çox böyük zərbə endiriləcək və İran indiyədək belə zərbə görməyib. Bu, daha çox psixoloji təzyiqdir, yoxsa müharibənin sonuna işarədir?
-Bunu dəqiq demək çətindir. Müharibə istənilən anda bitə bilər. İndiyə qədər SEPAH-ın zəiflədilməsi prosesi gedib, rəhbərliyin böyük hissəsi aradan götürülüb. ABŞ bunu öz qələbəsi kimi təqdim edib müharibəni dayandıra bilər. Çünki Vaşinqton uzunmüddətli müharibələrdən yorulub.
Əvəzində Hörmüz boğazının açılması və neftin sərbəst dövriyyəsinə şərait yaradılması kimi şərtlər gündəmə gələ bilər. Bu isə artıq diplomatik danışıqların mövzusu olmalıdır.
Məlum olduğu qədərilə, öldürülən Təhlükəsizlik Şurasının sədri bu cür danışıqların tərəfdarı idi. Amma İsrail daha radikal mövqe tutur, İranı zəiflətməklə kifayətlənməyib, onun parçalanmasını istəyir. Xüsusilə Azərbaycan bölgəsində kürd muxtariyyəti yaradılması ideyası səsləndirilir. Bu səbəbdən münaqişə davam edir.
ABŞ ilə isə müəyyən şərtlər daxilində razılığa gəlmək mümkündür. Zərbələr məsələsinə gəlincə, müharibə başlayandan bəri həm Tramp, həm də müdafiə naziri davamlı olaraq “böyük zərbələr” vəd edir. Görünür, indi enerji, neft infrastrukturları, hətta mülki obyektləri də hədəfə çevirmək istəyirlər. Heksin açıqlaması bu, deməkdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.