AZ

Aydın Hüseynov: “Yeni əməkhaqqı modelinə keçid təkcə maaşların dəyişdirilməsi deyil...” – MÜSAHİBƏ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid - dövlət qulluqçularının maaşların baza hissəsinin artırılması ilə bağlı

Musavat.com-un suallarını cavablandırıb.

- Aydın bəy, dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçidin əsas məqsədi nədir?

- Yeni əməkhaqqı modelinin əsas məqsədi dövlət idarəçiliyində maaş sistemini daha şəffaf, ədalətli və effektiv etməkdir. Mövcud sistemdə əməkhaqqı çoxsaylı əlavələrdən ibarət olduğu üçün mürəkkəb və bəzən anlaşılmaz idi. Yeni model isə bu əlavələri vahid sistemdə birləşdirərək maaş strukturunu sadələşdirir və daha aydın edir.

- Bu model dövlət qulluqçuları üçün hansı üstünlükləri yaradır?

- Əsas üstünlüklərdən biri maaşlar arasında olan fərqlərin azalması və daha ədalətli bölgünün təmin olunmasıdır. Eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsi güclənir, onların maddi rifahı yaxşılaşır. Bu da dövlət qulluğunu daha cəlbedici edir və peşəkar, xüsusilə gənc kadrların bu sahəyə marağını artırır.

- Yeni əməkhaqqı modelinin korrupsiya hallarına təsiri necə qiymətləndirilir?

- Bu model korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır. Təcrübə göstərir ki, dövlət qulluqçularının əməkhaqqı artdıqca və sosial təminatı yaxşılaşdıqca onların qeyri-qanuni gəlirlərə meyli azalır. Daha şəffaf və ədalətli maaş sistemi isə ümumilikdə idarəetmədə məsuliyyəti artırır.

- Beynəlxalq təcrübədə bu sahədə hansı nümunələri göstərmək olar?

- Beynəlxalq təcrübə göstərir ki, əməkhaqqı islahatları idarəetmənin keyfiyyətinə ciddi təsir edir. Məsələn, Sinqapurda dövlət qulluqçularının maaşlarının artırılması korrupsiyanın minimum səviyyəyə enməsinə və dövlət sektorunun daha cəlbedici olmasına səbəb olub. Honk-Konqda da oxşar yanaşma tətbiq olunub və nəticədə korrupsiya hallarında azalma müşahidə edilib. Bundan əlavə, Estoniya, Latviya, Sloveniya və Gürcüstanda maaş sisteminin təkmilləşdirilməsi həm şəffaflığı artırıb, həm də peşəkar kadrların dövlət sektoruna cəlbini gücləndirib.

- Bu modelin dövlət idarəçiliyinə ümumi təsiri necə olacaq?

- Yeni əməkhaqqı modeli dövlət idarəçiliyinin daha səmərəli və nəticəyönümlü olmasına şərait yaradır. Maaş sisteminin sadələşdirilməsi və şəffaflığın artırılması resursların daha düzgün bölüşdürülməsinə kömək edir. Bu isə həm idarəetmədə keyfiyyətin yüksəlməsinə, həm də ictimai etimadın artmasına səbəb olur.

- Ümumilikdə bu islahatları necə dəyərləndirmək olar?

- Bu islahatlar strateji əhəmiyyət daşıyır. Yeni əməkhaqqı modelinə keçid təkcə maaşların dəyişdirilməsi deyil, bütövlükdə dövlət qulluğunun modernləşdirilməsi deməkdir. Bu model həm dövlət qulluqçularının rifahını artırır, həm korrupsiyaya qarşı mübarizəni gücləndirir, həm də dövlət sektorunun rəqabət qabiliyyətini yüksəldir.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
84
musavat.com

1Mənbələr