AZ

İsrailin planı: İran dəyişməsə, məhv ediləcək — Müharibə yeni mərhələyə qədəm qoyur

Ekspertlərin fikrincə, İsrailin İranın cənubundakı neft-qaz infrastrukturuna son hücumu və buna cavab olaraq SEPAH-ın Qətər və Səudiyyə Ərəbistanındakı qaz obyektlərini hədəf alması münaqişənin yeni, daha təhlükəli fazaya keçdiyini göstərir. ABŞ Prezidenti Donald Tramp artıq Tehranı xəbərdar edib: əgər Qətərin enerji sektoruna hücumlar dayandırılmasa, İranın nəhəng “Cənub Pars” qaz yatağı “məhv ediləcək”. İran isə buna cavab olaraq regionda Amerika şirkətlərinə məxsus bütün infrastrukturun “qanuni hədəf” olduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, analitiklər İsrailin strategiyasında köklü dəyişiklik müşahidə edirlər. İndi İsrail təkcə rejim rəhbərlərini sıradan çıxarmır, həm də ölkənin iqtisadi sütunlarına zərbə vurur. Bu, o deməkdir ki, Tehran kapitulyasiyadan imtina edərsə, müharibə İran iqtisadiyyatının çöküşünə, mülki infrastrukturun dağılmasına və nəticədə daxili separatçı qrupların fəallaşması ilə dövlətin parçalanmasına gətirib çıxara bilər.

Torontoda fəaliyyət göstərən iranlı analitik Əlirza Namvar Hakiki bildirir ki, kritik infrastruktura zərbələr İranı “uğursuz dövlətə” (failed state) çevirə bilər. Onun sözlərinə görə, yüksək rütbəli şəxslərin ardıcıl qətli idarəetmə orqanları arasındakı əlaqəni qırıb və qərar qəbulu prosesini iflic edib. Hakiki hesab edir ki, İsrail birbaşa genişmiqyaslı müharibəyə girmədən, xaos yaradaraq teokratik rejimi devirməyə çalışır. Lakin o xəbərdarlıq edir: “Zorakı hakimiyyət dəyişikliyi heç vaxt sürətli sabitliyə gətirməyib. İranın ərazi bütövlüyünü qorumasının yeganə yolu ABŞ ilə düşmənçiliyə son qoymaq və İsrailin məhvi şüarından imtina etməkdir”.

Fransanın Paris-Sud 11 Universitetinin professoru Mehran Mostafavi isə qeyd edir ki, gərginliyin azaldılması açarı Ağ Evin əlindədir. O, İsrailin sağçı dini dairələrin dəstəyi ilə sərhədlərini genişləndirməyə və regionda güclü dövlət görməməyə çalışdığını iddia edir. Mostafaviyə görə, müharibənin davam etməsi İrandakı radikalların da maraqlarına xidmət edir.

Eyni zamanda, ABŞ və İsrail kəşfiyyatı xəbərdarlıq edir ki, siyasi qətllər taktikasının əks təsirləri ola bilər. “The Washington Post” yazır ki, “Hizbullah” və “HƏMAS” liderlərinin öldürülməsinə baxmayaraq, bu strukturlar hələ də aktivdir və bəzən daha da radikallaşırlar. CSIS analitiki Con Alterman qeyd edir ki, İranın dövlət maşını çoxsaylı kəsişən institutlardan ibarətdir və bu zərbələrə tab gətirmək qabiliyyətinə malikdir.

Keçmiş kəşfiyyat rəhbəri Yossi Kupervasser isə təsdiqləyir ki, rəhbərliyin ləğvi panaseya deyil, lakin düşməni zəiflətmək üçün mühüm elementdir. Siyasi strategiya ilə dəstəklənməyən hərbi qələbələr uzunmüddətli uğura zəmanət vermir.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
75
nocomment.az

1Mənbələr