AZ

Əl-Xiyamın ələ keçirilməsi İsrailə Livanda təmizləmə əməliyyatına başlamağa imkan verəcək - general

Əl-Xiyamın ələ keçirilməsi İsrailə Livanda təmizləmə əməliyyatına başlamağa imkan verəcək - general

İsrail ordusu Livanın cənubunda hücum xətti yaradıb və şiə "Hizbullah" qruplaşmasının Əl-Xiyam şəhərindəki istinad məntəqəsini ələ keçirmək məqsədilə atəş hazırlığı həyata keçirir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq üzrə aparıcı hərbi-strateji analitik hesab edilən livanlı general Naci Malyaib məlumat verib.

"Hücumun şərq cinahında düşmən qoşunları Marun ər-Ras, Meys əl-Cəbəl, Əl-Edeysa və Ət-Teybe yaşayış məntəqələri yaxınlığında müqavimət qüvvələri ilə döyüşlərə girib. Livanın cənubundakı əsas zərbə isə Əl-Xiyama yönəlib. Bu rayondakı döyüşün nəticəsindən İsrail qoşunlarının bufer zonasında təmizləmə işlərinə başlamaq üçün Litani çayına doğru nə dərəcədə sürətlə irəliləyəcəyi asılıdır", - deyə general qeyd edib.

Malyaibin fikrincə, İsrail ordusu müdaxiləyə əvvəlcədən hazır olub və martın 2-də "Hizbullah"ın şimal məskunlaşma məntəqələrini atəşə tutmasından hələ əvvəl Livan sərhədində 100 min əsgər cəmləşdirib. General bildirib ki, "İsraillilər Livan ərazisindəki əməliyyatlarına döyüş kəşfiyyatı ilə başladılar. Bu taktika uğurlu oldu və qoşunların üfüqi yayılmasını genişləndirməyə imkan verdi, nəticədə növbəti hücum hərəkətləri üçün 18 nöqtəni əhatə edən ön xətt yaradıldı".

Ekspert bildirib ki, "Hizbullah" dəstələri İsrailin mexanikləşdirilmiş karvanlarının hərəkət yolunda pusqular qururlar. "Görürük ki, "Radvan" xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri cənuba qayıdıblar. Onlar güclərini bərpa ediblər, əhəmiyyətli dərəcədə sursat ehtiyatı alıblar və idarə olunan mərmilər və raketlərlə zərbə endirmək imkanına malikdirlər", - deyə general vurğulayıb. O xatırladıb ki, 2024-cü ildəki 66 günlük müharibə zamanı şiələr İsrail qüvvələrinin Əl-Xiyamdakı hücumunu dəf etmişdilər: "Düşünürəm ki, bu dəfə israillilər revanş almaq niyyətindədirlər".

Malyaib hesab edir ki, İsrailin quru əməliyyatı Litani çayının cənub sahili ilə məhdudlaşmayacaq. "İsrail Müdafiə Ordusunun (SAXAL) komandanlığı əhalidən sərhəddən 40 km məsafədə axan Zahrani çayının şimalına təxliyə olunmağı tələb edib. Bu o deməkdir ki, Livanın cənubundakı əsas su resursları İsrailin nəzarəti altına düşə bilər", - deyə general əlavə edib.

Seçilən
112
afn.az

1Mənbələr