AZ

Suqovuşanda ilk rəsmi idman tədbirindən 4 il ötür

Martın 20-də Suqovuşanda keçirilən ilk rəsmi idman tədbirindən 4 il ötür.

İdman.Biz xəbər verir ki, məhz həmin gün qəsəbədə avarçəkmə üzrə təlim-məşq toplanışına start verilib və bu, Azərbaycan idmanı üçün əlamətdar hadisə kimi yadda qalıb.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Tədbir azad edilmiş torpaqlarda idman həyatının yenidən başlanmasının rəmzi kimi qiymətləndirilib.

Mərasim xüsusi simvolik məna daşıyıb. Rəsmi açılışdan sonra “Qarabağ Azərbaycandır!” şüarı yazılmış banner açılıb, səmaya minlərlə şar buraxılıb və idmançılar məşqlərə başlayıblar. Bu gün yalnız bayram xarakterli tədbir deyil, həm də bölgənin bərpasına verilən mühüm mesaj kimi yadda qalıb.

Qeyd edək ki, azad edilmiş ərazilərdə keçirilən ilk idman yarışı daha əvvəl Ağdamda baş tutub. Belə ki, 2021-ci ilin noyabrında burada müharibə veteranları arasında qılıncoynatma üzrə “Zəfər kuboku”nun həlledici mərhələsi keçirilib.

Suqovuşanda isə startdan cəmi bir ay yarım sonra - 2022-ci ildə “Prezident kuboku” üzrə avarçəkmə yarışı təşkil olunub. Bu turnir azad edilmiş ərazilərdə keçirilən ilk beynəlxalq idman yarışı kimi tarixə düşüb. Yarışlarda bir neçə ölkədən idmançıların iştirakı regiona artan marağı bir daha nümayiş etdirib.

Həmin vaxtdan etibarən Suqovuşan Qarabağda idmanın inkişafı üçün əsas mərkəzlərdən birinə çevrilib. Burada mütəmadi olaraq beynəlxalq avarçəkmə yarışları keçirilir, eyni zamanda azad edilmiş ərazilərdə müasir idman infrastrukturu yaradılır.

Beləliklə, 20 mart 2022-ci il Azərbaycanın azad edilmiş torpaqlarında böyük idmanın bərpası üçün mühüm başlanğıc nöqtəsi kimi tarixə düşüb.

İdman.Biz
Məqalədə:
Seçilən
43
idman.biz

1Mənbələr