İlaxır çərşənbələr və Novruz bayramı arasında qırılmaz bir bağ, sanki mənəvi bir keçid zonası mövcuddur. Bu "qırmızı xətt" həm köhnə ili yekunlaşdıran sərhəd, həm də yeni ilə açılan bir körpüdür. İlaxır çərşənbə köhnə ilin estafetini Novruza təhvil verir və beləliklə, təbiətin ritmik təkrarlanması baş tutur. Məhz bu səbəbdən çərşənbə ayinləri ilə Novruz ənənələri bir-birini tamamlayaraq vahid bir sistem təşkil edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində filologiya elmləri doktoru, dosent Şakir Albalıyev söyləyib. O bildirib ki, Novruzun əsas atributu olan səməni, sadəcə bitki deyil, həm də taleyin və ruzinin göstəricisidir: "İnanclara görə, ilin məhsuldarlığı səməninin boyuna baxıb yozulur. Əgər buğda şax və gurdursa, həmin il bollluq, əksinə, cılız və ölgündürsə, qıtlıq gözlənilir. Azərbaycan qadınları səmənini sulayarkən oxuduqları məşhur "Səməni, saxla məni" nəğməsi ilə həm təbiəti, həm də gələcək ruzini ovsunlayırlar. Səmənidən hazırlanan "səməni həlimi" və ya "səməni halvası" xüsusi şəfa və xeyir-bərəkət mənbəyi sayılır. Həlimin yeddi qapıya paylanması isə paylaşma mədəniyyətinin bariz nümunəsidir".
Onun sözlərnə görə, Novruz süfrəsindəki hər bir nemət kainatın bir parçasını simvolizə edir. Şəkərbura və badambura aypara forması ilə Ayı, paxlava ulduzları, şorqoğalı və şəkərçörəyi girdə forması ilə Günəşi təmsil edir. Plov müqəddəs məhsuldarlıq rəmzi kimi süfrənin tacı hesab olunur.
Alim bildirib ki, Novruz coğrafiyasında 7 rəqəmi xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanda 7 elementdən (su, duz, ət, yağ, un, taxıl, süd) hazırlanan "nauruz-koje", Əfqanıstanda isə 7 quru meyvədən hazırlanan "həft-meyvə" bu müqəddəsliyin göstəricisidir. Bu rəqəm həm dində, həm də qədim mifologiyada (Göy qurşağının rəngləri, dünyanın 7 möcüzəsi və s.) ilahi mühafizəni simvolizə edir.
"Tədqiqatçı Azad Nəbiyevin fikrincə, səmənini "Avesta"dakı "Səm" çiçəyi ilə qarışdırmaq olmaz. Səm dağlarda yetişən, yaraları sağaldan şəfalı bir çiçəkdir ("Dədə Qorqud" dastanında Buğacın yarasını sağaldan məlhəm kimi xatırlanır). Səməni isə çiçək deyil, baharın gəlişini, dirçəlişi və bolluğu müjdələyən ilk cücərtidir. O, yasəmənlə də eyni kökdən deyil. Yasəmən mayda, səməni isə martın ilk günlərində təbiəti salamlayır.
Yekun olaraq, səməni Novruzun, sadəcə, dekorativ bəzəyi deyil, insanın gələcəyə olan inamının, arzularının və təbiətlə vəhdətinin ali rəmzidir",- deyə Ş.Albalıyev fikrini yekunlaşdırıb.