İllər öncə Azərbaycan televiziya məkanında geniş rezonans doğuran müzakirə yenidən gündəmə gəlib.
\Milli.Az xəbər verir ki, vaxtilə "El İçində" proqramında səslənən "Bozbaş müğənnilər" mövzusu bu gün sosial şəbəkələrdə yenidən müzakirə olunur.
Söhbət proqramın ən gərgin buraxılışlarından birində yaşanan qalmaqallı anlardan gedir. Verilişin qonaqları olan Mənzurə Musayeva və Manaf Ağayev qarşı tərəfdə əyləşən estrada ulduzları - Faiq Ağayev və Aygün Kazımova ilə üz-üzə gəlib. Canlı efirdə tərəflər arasında "bozbaş musiqi" anlayışı ətrafında sərt polemika yaşanıb.
Bəzi ifaçıların "bayağı musiqi" ifa etməkdə ittiham olunması mübahisəni daha da alovlandırıb. Tənqid hədəfinə tuş gələn sənətçilər isə özlərini müdafiə edərək, xalqın zövqünə uyğun ifa etdiklərini bildiriblər. Qarşılıqlı "söz atışması" ilə yadda qalan həmin kadrlar illər sonra belə aktuallığını itirməyib.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş marağa səbəb olub. İzləyicilər mövzu ilə bağlı iki fərqli mövqeyə bölünüb: bir qisim "Bozbaş musiqi" anlayışını tənqid edərək sənətdə keyfiyyətin ön planda olmalı olduğunu vurğulayıb, digərləri isə bu cür ifaların da auditoriyasının olduğunu qeyd ediblər.
Beləliklə, illər keçməsinə baxmayaraq, Azərbaycan şou-biznesində musiqi zövqü və səviyyəsi ilə bağlı müzakirələr hələ də aktuallığını qoruyur.
Musa
Milli.Az