AZ

Qurana görə məsələyə yanaşmaq insanı qidalanma mövzusunda qorxuya deyil, ölçülü və şüurlu həyat tərzinə yönəldir

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Məni maraqlandırırdı ki, bizim əcdadımız nə yeyib? “Bəqərə” surəsinin 55-ci ayəsini oxudum. Gördüm Allah-taala Adəmə müraciət edir: “Ey Adəm, sən öz zövcənlə cənnətdə qalın və bu meyvələrdən istədiyiniz qədər yeyin, amma o meyvəyə, yəni buğdaya yaxın durmayın. Yaxın dursanız, özünüzə zülm edənlər olacaqsınız”. 56-cı ayədə isə yazılıb ki, Adəmlə Həvva buğda yedilər və cənnətdən qovuldular. Məni maraqlandırdı, görüm cənnətin tərifi varmı Quranda?” Bu sözləri APA-ya müsahibəsində loğman Ərşad Əzimzadə deyib. Loğman bildirib ki, Quranda cənnət bağdır: “Deməli, Allah bizə əti məsləhət görməyib, buğdanı məsləhət görməyib, yəni çörək olmayıb. Sonra da mən ət və çörəyin ziyanını gördüm”. Bəzi fikirlərə görə, Quranın Bəqərə surəsində Adəmə və zövcəsinə cənnətdə müxtəlif nemətlərdən istifadə etməyə icazə verildiyi, lakin müəyyən bir qadağaya yaxınlaşmamaları tapşırıldığı bildirilir. Bu ayələrdən çıxış edən bəzi insanlar cənnətin bağ kimi təsvir olunduğunu və orada əsasən meyvələrin ön plana çəkildiyini qeyd edirlər. Həmin yanaşmaya əsaslanaraq bəziləri ət və buğda kimi qidaların insan sağlamlığı üçün zərərli ola biləcəyi barədə nəticə çıxarır.Qurandakı bu ayələri qidalanma qaydası kimi şərh etmək və müəyyən qidaları zərərli hesab etmək nə dərəcədə əsaslıdır?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Quran oxuyan bəzi insanlar deyirlər ki, biz orada Adəm peyğəmbərin (əleyhissalam) cənnətdəki həyatından bəhs edən ayələrdə qidalanma mövzusu görürük və buradan müxtəlif nəticələr çıxarılır: “Bildiyimiz kimi Quranda Adəm və zövcəsinin cənnətdə yerləşdirilməsi haqqında danışılan əsas ayələrdən biri Bəqərə surəsinin 35-ci ayəsidir. Allah buyurur ki, Adəm, sən və zövcən cənnətdə məskunlaşın və orada istədiyiniz yerdən bol-bol yeyin, lakin bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız. Eyni məzmun Əraf surəsinin 19-cu ayəsində də təkrar olunur. Bu ayələrdə əsas mövzu qidalanma qaydası deyil, ilahi əmr və insanın iradə sınağıdır. Yəni burada insanın Allahın qoyduğu sərhədlərə münasibəti göstərilir. Cənnətdə meyvələrin zikr edilməsi isə qida sistemini izah etmək üçün deyil, bolluq və nemət mənası kimi təqdim olunur. Quranda cənnət təsvirlərində tez-tez meyvələrin adlarının çəkilməsi də eyni səbəbdəndir”.

Əkrəm Həsənov qeyd edib ki, qədim İslam alimləri bu ayələri heç vaxt pəhriz və ya qidalanma qaydası kimi şərh etməyiblər: “İmam Təbəri, İbn Kəsir və Qurtubi kimi məşhur təfsir alimləri bu ayələri izah edərkən əsas mövzunun insanın imtahanı olduğunu bildirirlər. Onların şərhlərində cənnətdə meyvələrin zikr olunması qidanın növünü məhdudlaşdırmaq mənasında deyil, insan üçün cazibədar və rahat nemətlərin mövcudluğunu göstərmək kimi izah edilir.

Biz Quran oxuyanda görürük ki, həm bitki mənşəli, həm də heyvan mənşəli qidaların halal və faydalı olduğu açıq şəkildə qeyd edilir. Nəhl surəsinin 5-ci ayəsində Allah buyurur ki, heyvanları sizin üçün O yaratdı, onlarda sizin üçün istilik, fayda və onlardan yeyirsiniz. Maidə surəsinin 1-ci ayəsində də halal heyvanların istifadəsinə icazə verildiyi bildirilir. Bu ayələr göstərir ki, İslam qidalanma məsələsində insanın təbii ehtiyacını nəzərə alan balanslı bir yanaşma təqdim edir”.

İlahiyyatçı bildirib ki, hədislərə baxanda da Peyğəmbərimizin (s.ə.s) qidalanma tərzində müxtəlif qidalardan istifadə edildiyi görünür. O, ət yeyirdi, xüsusilə qoyun əti ilə bağlı rəvayətlər var. Buxari və Müslimdə rəvayət edilən hədislərdə Peyğəmbərin (s.ə.s) ət yeməsi qeyd olunur. Eyni zamanda xurma, arpa çörəyi, süd və digər qidalar da istifadə olunurdu. Bu fakt göstərir ki, İslam qidalanmanı bir növ qadağalar sistemi kimi deyil, ölçü və tarazlıq prinsipi üzərində qurur.

Müasir elmi tədqiqatlar da bu mövzuda maraqlı nəticələr ortaya qoyur. Biologiya və qidalanma elmi insanın bioloji quruluşunun həm bitki, həm də heyvan mənşəli qidaları həzm etməyə uyğun olduğunu göstərir. İnsan dişlərinin quruluşu, həzm fermentləri və metabolizm sistemi onu hərtərəfli qidalanmaya uyğunlaşdırır. Bir çox qidalanma mütəxəssisləri də bildirirlər ki, sağlamlıq üçün əsas məsələ qidanın növündən çox onun miqdarı, keyfiyyəti və balansıdır.

Ət məsələsinə gəldikdə, ilahiyyatçı qeyd edib ki, müasir tibb göstərir ki, düzgün və ölçülü istifadə edildikdə ət insan üçün vacib zülal, dəmir və B12 vitamini mənbəyidir. Buğda isə min illərdir insan sivilizasiyasının əsas qida məhsullarından biridir. Arxeoloji və antropoloji tədqiqatlar göstərir ki, kənd təsərrüfatının inkişafı ilə buğda insan qidalanmasının əsas sütunlarından biri olmuşdur. İlahiyyatçının fikrincə, problem qidanın özündə deyil, onun həddindən artıq və ya qeyri-sağlam formada istifadə edilməsindədir.

Bu səbəbdən Qurandakı Adəm hekayəsini qidalanma nəzəriyyəsi kimi təqdim etmək elmi və dini baxımdan əsaslı yanaşma sayılmır. Quranın həmin ayələri insanın mənəvi məsuliyyətini, ilahi əmrə münasibətini və insan azadlığının sınağını göstərən ayələrdir. Qidalanma qaydası isə Quranda ümumi prinsip kimi halal və təmiz qidaların istifadəsi, israfdan uzaq durmaq və ölçünü qorumaq şəklində təqdim olunur.

“Əraf surəsinin 31-ci ayəsində buyurulur ki, yeyin, için, lakin israf etməyin.

Bu ayə əslində İslamın qidalanma fəlsəfəsini çox sadə şəkildə ifadə edir. Yəni qidanın özü düşmən deyil, hədd və ölçünü itirmək problemdir. Buna görə də Qurandakı Adəm hekayəsindən çıxış edərək ət və ya buğdanın zərərli olduğunu iddia etmək doğru nəticə hesab edilə bilməz. İslamın təqdim etdiyi yanaşma insanın təbii ehtiyaclarını qəbul edən, lakin onu ölçü və məsuliyyət çərçivəsində tənzimləyən bir yanaşmadır.

Bu mövzuda həm dini mənbələr, həm də müasir elm eyni nöqtədə birləşir. İnsan üçün sağlam həyatın əsas prinsipi qidanın növünü mütləq şəkildə qadağan etmək deyil, balanslı, təmiz və ölçülü qidalanmaqdır. Quranda və Peyğəmbərimizin (s.ə.s) həyatında gördüyümüz model də məhz budur. Bu səbəbdən ət və buğda yeməmək kimi bir hökmü Qurandan çıxarmaq doğru olmaz”.

Əkrəm Həsənov qeyd edib ki, Qurana görə məsələyə yanaşmaq insanı qidalanma mövzusunda qorxuya deyil, ölçülü və şüurlu həyat tərzinə yönəldir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
bizimyol.info

1Mənbələr