AZ

“Gecə 2-də, 3-də yatırıq, 9-da oyanırıq” - Yuri Vernidub



Misli premyer-liqasının 25-ci turunda “Neftçi” evdə “İmişli”ni darmadağın etdi – 6:0. “Football-plus.az” “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransından hesabatı təqdim edir.

- Meydana hücumçusuz çıxdız və mövsümün ən böyükhesablı qələbəsini qazandınız. Bu necə alındı?

- Öncə hər kəsin bayramını təbrik edirəm. Bildiyimə görə, Azərbaycanda böyük bayramdı. Sambu ilə Abubakar, bildiyiniz kimi, zədəlidi.. Ağadadaş Salyanski və Alessio Kurçi var idi. Kurçi daha çox vingerdi, cinahlarda oynayır. Biz bu barədə düşündük. Qəbələdə də Freddi Varqas belə oynamışdı. Düşündük ki, bu oyunda da ona həmin mövqedə şans verək. Danışdıq ki, o, daha çox saxta "9 nömrə" olsun. Pis də alınmadı, yaxşı nəticə oldu. Bütün futbolçularıma təşəkkür edirəm ki, oyuna böyük arzu ilə çıxdılar. Çox gözəl əhval-ruhiyyələri var idi. Bundan əvvəl "İmişli"yə bir dəfə uduzmuşduq, bir dəfə heç-heçə etmişdik. Bu da "Neftçi" üçün çox zəif nəticədi. Borcumuzu qaytarmalıydıq. Futbolçuların istirahət üçün vaxtı olacaq. Ayın 24-dən məşqlərə başlayacağıq. Səhv etmək şansımız yoxdu. Avrokuboklarda iştirak etməkdən ötrü səhvlər olmamalıdı. Elə rəqiblərlə oyunlarımız olacaq ki, onlar da bu yerlər üçün oynayır. Orda artıq bizim xarakterimizi görə bilərik. Maraqlı olacaq.

- Ağadadaş Salyanski meydana çıxmadı. U-21 yığmamızın da üzvüdü. O, rəqabətdə çox geri qalır ki, oynamır?

- Şans hər kəsə veriləcək - ona da. Gördüyüm odu ki, indiki rəqabətdə digər oyunçulara bir qədər uduzur. Amma gəncdi, hələ həyatı qarşıdadı. Ona ümidlərim var. Daha çox məşq edərək, şans əldə edəcək. Bəzən səbr etmək lazımdı. Başa düşürəm, hamı oynamaq istəyir.

- "Neftçi" mövsüm ərzində 5 xal itirdiyi komandaya 6 qol vurursa, əvvəlki xal itkilərinin günaharı kimdi?

- Komanda uduzursa, günahkar məşqçidi, udursa, futbolçular qalibdi. Kimisə günahkar çıxarmaq istəmirəm. Əlimizdən gələni edirik ki, uduzmayaq. Məğlubiyyyətlər qaçılmazdı. Xoşuma gələn o oldu ki, uduzandan sonra iki matçda qalib gəldik.

- Sıx müdafiəsi ilə fərqlənən “İmişli”yə hücumçusuz 6 qol vurduz. Sonrakı oyunlarda da hücumda bu taktiki düzülüşü görə bilərik?

- Hər rəqibimizi yaxşı təhlil edir, öyrənirik. Təhlil edirik ki, rəqib 4, yoxsa 5 müdafiəçi ilə oynayır. Buna uyğun da strategiyamızı qururuq. Çox ciddi təhlillər aparırıq. Gecə 2-3-də yatırıq, o qədər ciddi hazırlaşırıq. Səhər 9-da da məşqə çıxırıq (gülür). Heç də asan iş deyil.

- Freddi Varqasın hər oyunda bu səviyyədə çıxış etməsinə nə mane olur?

- Mənim üçün bu suala cavab vermək çətin olar. Yaxşı olardı ki, sualı ona verəsiz (gülür). Çox texnikalı və istedadlıdı. Öz işinə daha ciddi və daha əzmlə yanaşsa, daha gözəl oyun sərgiləyər. Fərdi olaraq danışmağı sevmirəm, amma eyni sözləri Emil Səfərov haqda da demək olar. Dayanmasa, onu çox parlaq karyera gözləyir.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
92
4
football-plus.az

10Mənbələr