Əlbəttə, bizim medianın–radioların, televiziyaların, hətta bəlkə qəzetlərin – saytların da problemlərini məndən də daha yaxşı bilən adamlar var, amma bu strukturları dirçəltməklə bağlı bütün təkliflərin əvvəlində şəxsən mən bir cümlə yazardım: hər şeydən əvvəl mediaya azadlıq və müstəqillik lazımdır, yoxsa qeyri-azad media strukturu yaxşı halda, hansısa oliqarxa, belədəsə, tamam hökumətə sığınmalı olacaq.
Hələ demirəm, bir də gördün, kimsə gedib hətta arzuolunmaz “xarici dairələr”ə (məsələn, Kremlə və yaxud iranlı mollalara!) də bağlandı. O gün oxuyuram ki, ermənilərin “Hraparak” qəzetinin Rusiyayla yaxınlığı artıq yerli demokratları da narahat etməyə başlayıbdır.
Ona görə də problem ciddidir və kimsə həqiqətən də medianın problemlərilə maraqlanırsa, qoy, bu haqda ciddi düşünsün, mütəxəssisləri dinləsin, yoxsa məqsəd yenə də “maket” yaratmaqdırsa, mənasız işdir.
İllər öncəki bir detal yadıma düşür. Onda bir qəzet çox “böyük problemə” çevrilmişdi: ondakı “baş məmurlar” bağlatdılar onu! “Azadlıq” radiosunda çalışırdıq və bu xüsusda deputatlardan birilə ayaqüstü, çox kiçicik “mübahisəmiz” oldu. Deputat “qardaş” mənə dedi ki, istəyirsən, deyim, filan qəzeti kim maliyyələşdirir? Onda da dedim, indi də təkrar söyləyirəm ki, ehtiyac yoxdur!
Bilirsiniz, niyə? Bir daha təkrar edirəm, məndən inciməsinlər, amma ölkəmizdə bəzi böyük məmurlardan, ya onlara yaxın adamlardan başqa kimdə pul var ki, durub hansısa media strukturunu da maliyyələşdirsin? Dediyim budur ki, həyatımızın nəinki acı, hətta dəhşətli reallığıdır bu...
Eyni sözləri bir nəfərə “Filankəsin puluna kitab buraxmısan!” deyiləndə da yazmışdım: “Ziyalı adamın, bəlkə ayda heç 1000-1500 manat qazanmayanın kiminsə dəstəyilə kitab buraxmasında qeyri - adi nə var? Ən əsasısa, məgər “o filankəslər”dən başqa kimdəsə pul varmı ki, bədbəxt ziyalı durub ondan alsın? Həm də, heç olmasa, vərəqləyib baxın, görün, kitab buna dəyər, ya dəyməz? Bəlkə həqiqətən dəyərli kitabdır və dediyiniz “filankəs”in millətçün gördüyü ən böyük iş də elə onu çap etdirməkdir?”.
Belədəsə, inanın, nə “siyasi debatlar” maraqlandırırdı bizi, nə də ki, qeyri şey! Ona görə ki, əvvəlcədən uduzulmuş şahmat partiyasıydı; sanki “vəziri” qırağa qoyub “piyada”larla oynayırsan! Hələ başqa şeyləri demirəm. Həm də kimsə yuxuda nəsə görə bilər, ağlına nəsə gələr və durub deyər ki, gəlin filankəsin namizədliyini BMT-nin Baş katibliyinə irəli sürək! Bəs adamın öz ağlına nə gəlib? Yoxsa siyasət də “flaş-mob”dur? Getdin, beş–on dəqiqə atılıb-düşdün və hər şey bitdi! Belə deyil axı! Məhz belə şeylərə görə insanlarda heç nəyə inam qalmayıb!
Haşiyə olsa da bir detalı da deyəcəm. “Müxalifəti birləşdirmək”, nə bilim, “vahid namizəd problemi”ni həll etməkçün “mütəxəssislər”, “barışdırıcı ziyalılar” peyda olmuşdu. Hətta deyim yaranmışdı: görəsən, “filankəs müəllimlər” bu seçkidə nə qədər qazandılar? Bunları kənardan seyr edəndə bilirsiniz, yadıma nə düşürdü? Xatırlayırsınız, “Ölülər”də kefli İsgəndər Şeyx Nəsrullaha nə deyirdi? “Şeyx, mən ölüm, vur bura, lotusan!”- bəli, böyük Mirzə Cəlil təxminən belə yazmışdı...
Qayıdaq mediaya. Qınamasınlar, rəsmi senzuranın əvəzinə, daha qəlizi, “özünüsenzura” yaranıb. Bəzən özünçün qeyzlənirsən ki, biz gənclikdə belə deyildik, hansı üsullarla fikri, münasibəti və yaxud da informasiyanı çatdırmağa çalışmırdıq! Senzorlar qəzetləri elə günə salırdılar ki, səhifələrdə qayçı şəklindən başqa şey qalmırdı! Yenə “təslim” olmur və müxtəlif üsullarla bildiyimizi edir və yaxud da ki, etməyə çalışırdıq...
Amma indiki jurnalistlərdən bir üstünlüyümüz vardı: bəli, maliyyə cəhətdən nisbətən müstəqil idik, pis-yaxşı, beş-on manat alır, birtəhər dolanırdıq. İndi belə deyil - nə qəzet var, nə qəzet alan, üstəlik, hətta ən təcrübəli adamlar hələ də elektron versiyalardan gəlir götürməyin yolunu tapa bilmir! Odur, kimisə qınamaq da olmur. Neyləsinlər?.. Televiziyaları, radioları bilmirəm, amma saytlarda beş-üç adam qalıb, birtəhər özlərini, ailələrini dolandırırlar. Bundan da məhrum edək onları? Ona görə də çox vaxt “Ezop dili”ndə yazmaqdan savayı yolumuz qalmır. Amma oxucuya lazımdırmı bu? 21-ci əsrdir, çox balaca ölkədir, insanlar, gec-tez, hər şeydən xəbər tutur. Bundan sonra onların “ənənəvi media”da çalışan jurnalistlərə heç marağı qalarmı?
Görün başqa nələr olur? Rəhmətlik bioloq Qara müəllim vardı. Bir dəfə ondan eşitmişdim ki, bəzi quşların özlərinin yuvaları olmur, yumurtalarını başqalarının yuvasına qoyurlar. İnciməsinlər, indi xeyli hakimiyyətyönümlü adamlar da var ki, gəlib təbliğatlarını da hələki beş-on oxucusu olan bəzi saytlarda aparırlar. Olsun! İradımız yox: inanın, hələ 90-cı illərdə deyilirdi ki, qardaşlar, oxucu bir qəzeti alıb nəinki hər şeyi, hamını oradan oxumaq istəyir! Eyni sözü də saytlar, yeni yaranan internet TV-lər, nə bilim, radiolar haqqında da demək olardı.
Olsun! Burada pis heç nə yoxdur, bir şərtlə ki, alternativ fikirlərə də, mövqelərə də dözümlə yanaşılsın. Fəqət, məmurlar bunu qəbul edirmi, şərait yaradırlarmı?..
Qardaşlar, özünüz maraqlı, oxunaqlı qəzet-sayt, hətta radio, televiziya yarada bilmirsiniz, başqasına da imkan vermirsiniz! Bunun axırı necə olacaq? İndi, məsələn, iki-üç sayt var ki, kimsə hərdən onları açıb nəsə oxuyur. Tutaq ki, beş gün, on gün bunlardan da “təbliğat”ınızçün istifadə etdiniz, axı birtərəfli olduğu üçün onlara da maraq azalacaq və axırda da məhv olub gedəcəklər: hətta sizin özünüzçün önəmini itirəcəklər! Daha Avropa Şurası-filan da qalmayıb ki, onlardan heç olmasa, “siyasi vitrin” üçün istifadə edəsiniz...
Bu xüsusda da “mübahisəmiz” olmuşdu. Bir həmkar deyirdi ki, guya camaatı nəinki müxalif, heç müstəqil mövqe də maraqlandırmır, amma sayta hakimiyyətyönümlü nəsə qoyanda sanki “uçur”! Onda da deyirdim və indi də vətəndaş, jurnalist kimi soruşuram: bəs onda niyə bu illər ərzində bir populyar hakimiyyətyönmülü televiziya, radio və qəzet nədir, heç sayt da yaranmadı?
Başqa bir detal. Bir dəfə qəzetlərdən birinə yolum düşmüşdü. Baş redaktor çox maraqlı şey göstərdi: hakimiyyətyönümlü saytın baş yazısına “giriş”ləri! Dedi ki, neçə gündür yazı buradadır, amma iki “giriş” olubdur, biri də mənəm!..
İnciməsinlər, onlar da həmkarlarımızdır, jurnalistlərdir, amma etiraf etsinlər ki, hətta özlərini də vaxtilə müstəqil qəzetlər, müstəqil media tanıtdı cəmiyyətə. İnanın Allaha, 90-cı illərdə bir rəsmi qəzetin növbəti sayı hələ gözümün önündədir: bir daha deyirəm, inanın bir olan Allaha, bütün qəzet başsağlıqlarından ibarət idi! Hətta kiminçün başsağlıqlarının verilməsi yadımdadır, sadəcə, adamın ruhunu incitmək istəmirəm: həm də dəxli yox, söhbət qəzetə, qəzetçiliyə münasibətdən və jurmalistikadan gedir!
Heç indi az-çox tanınan “depuatat”ları demirəm, onların da çoxunu müstəqil media tanıtdı cəmiyyətə: eləsi vardı, hətta indi də var ki, heç öz seçiciləri tanımırlar onları və nəzəri alın ki, bu adamlar proporsional seçki siyahısıyla yox, guya majoritar seçkilə seçiliblər! Odur, məsəl var: adam oturduğu budağı kəsməz axı...
Çoxdandır nə “radikal” müxalifət tanıyıram, nə “liberal”! Amma bir detalı qeyd etməyə bilmirəm. Yaxınlarda müəyyən müzakirələrə səbəb oldu. Belə deyilmişdi ki, heç yerdə azad media yoxdur! Burada müəyyən “həqiqət” var.
Əlbəttə, mütləq azadlıq heç yerdə yoxdur –deyilənə görə, Martin Lüter Kinqin qəbrinin üstündə “Nəhayət ki, azadam!” sözləri yazılıbdır!..
Demokratik ölkələrdə belə qəzetlər, radiolar və televiziyalar hansısa biznes dairələrinə, hətta siyasi partiylara yaxın ola bilir, çünki hər şey yana, jurnalistlər də adamdı, onların da siyasi simpatiya və antipatiyaları olur. Amma bütün dünyada media ən əvvəl bir qanunun əsasında qurur öz işini: auditoriyanı itirməmək! Yalan danışacaqsan, insanlar biləcək və hesab et ki, sən artıq bitdin...
Həm də ən əsası: demokratik və öncül ölkələrdə hansısa media strukturunun hansısa siyasi və yaxud iqtisadi elitaya yaxın olmasının faciəli nəticələri olmur. Ona görə ki, oralarda siyasi-iqtisadi elita çoxqütblü olur, bir qütbdən ibarət olmur və müxtəlif qütblərin çəkiməsindən, biri-birinə nəzarətindən demokratiya yaranır: məsələn, formal baxımdan desələr ki, guya “Vaşinqton-Post” filan partiyaya daha yaxındır, bu, faciə olmayacaq, çünki məlum olacaq, “Nyu-York Tayms” da digər partiyaya yaxındır və s. və i.
Soruşular ki, ey uğursuz nəsil, ey qaradərili insanlar, daha nə istəyirsiniz? Bilirsiniz, hamımız bir gün çox iddialardan əl çəkməli oluruq. Gənclikdə həvəsə düşmüşdük, həm də çox böyük ideyalar vardı, maqnit kimi çəkirdi, kənarda qalmaq mümkünsüzdü.
Bir dəfə 1990-cı ildə 20 yanvar zamanı çox böyük vəzifədə çalışan adamdan soruşdular ki, həmin gecə haradaydınız? Qayıtdı ki, evə getdim, yatdım və s. Dəhşətə gəldim! O gecə, 20 Yanvarda heç evdə rahat yatmaq olardımı? Şişirtməkçün demirəm, sayı da dəqiq bilmirəm, amma bəlkə on minlərlə insan həmin gecə küçələrdə idi...
Qərəz, vaxtı gələcək bir hissəmizin jurnalistliyimiz də bitəcək. Amma vətəndaşlığımız və insanlığımız qalır axı! Bundan ki, istefa verə, imtina edə bilməyəcəyik–nə qədər çətin olsa da...
Təkrar and-aman etmirəm. Amma yazanda ki, qardaşlar, Türkiyədə filankəslərə müxtəlif dövlərdə hətta siyasətlə məşğul olmaq yasaq edilmişdi, deyəndə ki, hətta Sovetin vaxtında bizim Azərbaycanda da fərqli düşünən adamlar olubdur, bunu dilxoşluğu üçün yazmıram, nə də kimisə kiməsə qarşı da siyasi savaşa da çağırmıram!
Vətəndaş etinasızlığından pis şey yoxdur, həm də insanların hamısı siyasətlə prezident, nazir və yaxud deputat olmaqçüm maraqlanmır ki! Vətəndaşıq, hakimiyyətin bizimlə bağlı qərarları heç bir halda bizim üçün maraqsız ola bilməz! İndi televiziyalarla bağlı seyrək müzakirələr sezilir. Olsun! İnsanların özlərilə bağlı qərarların qəbul edilməsində də iştirak etməsi onların ən böyük haqqıdır! Amma görək, bu, ölkədə indiki medianın vəziyyətinin ciddi müzakirəsinə səbəb olacaqmı?..
Yenə illər öncənin söhbətidir. Necə olmuşdusa, məni də bir keçmiş türkiyəli siyasətçi ilə görüşə dəvət etmişdilər. Bir nəfər hey “filan şey belə oldu, elə oldu!” deyirdi. Türkiyəli siyasətçi isə bir söz dedi: “Əfəndim, bunların hamısının ancaq azadlıq - hürr içində olması vacib, hətta yalnız bu yolla mümkündür!”...
Biz də nə vaxtsa, bunu qəbul etsək, lap Ələddinin “sehrli lampası” kimi olacaq, etməsək...
Daha nə deyim? Hamınıza “süni intellekt”in layları altında şirin yuxular arzulayıram...