İranın Ali lideri Müctəba Xamenei bəyan edib ki, ABŞ və İsraillə davam edən qarşıdurma, qarşı tərəflər öz səhvlərini anlayana qədər davam edəcək. O, Vaşinqton və Təl-Əvivin İran
dövlətçiliyinin zəifləyəcəyinə dair gözləntilərini “strateji səhv” adlandırıb.
Bəs Xameneinin bu bəyanatı ABŞ və İsraillə münasibətlərdə gərginliyin daha da artacağından xəbər verir? İranın bu mövqeyi regionda genişmiqyaslı müharibə riskini artırırmı? Tehran niyə kompromis siqnalları vermək əvəzinə daha sərt ritorika seçir?
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, İranda hakimiyyət faktiki olaraq xaotik xarakter daşıyır:
"Siyasi elitanın böyük əksəriyyəti, demək olar ki, 90 faizi dini məktəbləri bitirmiş, əsasən Qumda təhsil almış şəxslərdən ibarətdir. Bu insanların dünyaya baxışı məhduddur, planetar miqyaslı düşüncə tərzi formalaşmayıb. Onlar çox vaxt fanatik yanaşma ilə öz imkanlarını şişirdir, bu imkanları əsaslandırarkən isə dini arqumentlərə – Allah, peyğəmbər və dini dəyərlərə istinad edərək atdıqları addımları legitimləşdirməyə çalışırlar.
Lakin bu mühitdə fərqlənən fiqurlardan biri Məsud Pezeşkian hesab oluna bilər. O, təkcə İranda deyil, həm də xaricdə, o cümlədən Avropa mühitində təhsil almış, daha geniş dünyagörüşünə sahib siyasətçilərdən biridir. Pezeşkian qlobal geosiyasi mənzərəni, formalaşmaqda olan yeni dünya düzənini və bu düzəndə hansı güclərin rol oynadığını daha aydın təsəvvür edir. Düzdür, onun səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb, lakin səsləndirdiyi fikirlərdə daha realist və müasir yanaşmalar açıq şəkildə hiss olunur".
Politoloq qeyd edib ki, digər tərəfdən, İran ciddi hərbi və siyasi zəifləmə mərhələsinə daxil olub. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması və hərbi hava qüvvələrinin faktiki olaraq iflic vəziyyətə salınması ölkənin müdafiə qabiliyyətini kəskin şəkildə aşağı salıb:
"Müasir müharibə şəraitində hava üstünlüyü həlledici amillərdən biridir və bu imkanlardan məhrum olan bir dövlətin uzunmüddətli müharibə aparması olduqca çətindir.
Hazırda İranın əlində əsasən raket potensialının müəyyən hissəsi qalıb, lakin bu imkanlar da sistemli şəkildə zərərsizləşdirilir. Bayram günlərində hücumların nisbətən səngiməsi müşahidə olunsa da, bu, daha çox taktiki fasilə xarakteri daşıyır. Ümumilikdə isə İranın hərbi potensialının böyük hissəsinin, təxminən 90 faizinin sıradan çıxarıldığı iddia olunur.
İran bu vəziyyətdə əsas təzyiq alətlərindən biri kimi Hörmüz boğazından istifadə etməyə çalışır. Lakin bu da uzunmüddətli və effektiv vasitə hesab olunmur. Çünki ABŞ kimi güclər istənilən halda həm hərbi-dəniz, həm də quru qüvvələri vasitəsilə bu bölgəyə nəzarəti təmin etmək imkanına malikdir. ABŞ-ın elit hərbi qüvvələri – xüsusi təyinatlı bölmələr, dəniz piyadaları və uzun illər döyüş təcrübəsi olan hərbçilər belə əməliyyatlarda həlledici rol oynaya bilər".
Qabil Hüseynlinin ehtimalına görə İran quru qoşunları vasitəsilə müəyyən müqavimət göstərə bilər, lakin bu müqavimətin effektivliyi sual altındadır:
"Çünki qarşı tərəf – həm ABŞ, həm də İsrail əməliyyatları hava qüvvələri və yüksək dəqiqlikli raket sistemləri ilə dəstəkləyir. Bu isə müharibənin texnoloji və taktiki baxımdan daha üstün tərəfin xeyrinə inkişaf etməsinə şərait yaradır.
Bütün bunların fonunda İranın siyasi rəhbərliyinin ritorikası vəziyyəti daha da ağırlaşdırır. Tarixi baxımdan qədim və mühüm dövlət olan İran yanlış hesablamalar və sərt, kompromissiz siyasət nəticəsində özünü daha dərin böhrana sürükləyir. Diplomatik təşəbbüslərin vaxtında irəli sürülməməsi, münaqişənin dayandırılması üçün real addımların atılmaması vəziyyəti çıxılmaz edir.
Hazırda ölkə daxilində idarəçilikdə də ciddi xaos müşahidə olunur. Dövlət strukturlarının fəaliyyəti iflic vəziyyətinə düşüb: Nazirlər Kabinetinin iclaslarını keçirmək çətinləşib, ali dini rəhbərliyin fəaliyyəti məhdudlaşıb, informasiya və idarəetmə zənciri pozulub. Bu fonda ictimaiyyət qarşısında görünən əsas fiqurlardan biri yenə də Pezeşkian olaraq qalır, lakin onun da səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılması vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir".
Xalidə Gəray
Musavat.com