AZ

Avropada saxlanılan "kölgə donanması" tankerlərindəki neft müsadirə ediləcək

Ukrayna Avropa İttifaqı ilə birlikdə "kölgə donanması" gəmilərindən Rusiya və İran neftinin müsadirə edilməsinə imkan verəcək qanunvericilik dəyişiklikləri üzərində işləyir.

Musavat.com xəbər verir ki, məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb. Onun sözlərinə görə, təşəbbüs bu cür tankerlər dayandırıldıqdan sonra tətbiq olunacaq hüquqi mexanizmlərin hazırlanmasını nəzərdə tutur.

Ukrayna prezidenti vurğulayıb ki, bu, Rusiyanın qanunsuz neft daşımaları vasitəsilə sanksiyalardan yayınmaq cəhdlərinə qarşı sistemli cavabın bir hissəsi olmalıdır. O, əvvəllər Avropa ölkələri tərəfindən Rusiyanın "kölgə donanması" tankerinin saxlanılmasını alqışlayıb və Avropa təhlükəsizliyi maraqları naminə bu cür gəmilərin yalnız bloklanmasını deyil, həm də daşıdıqları neftin müsadirə edilməsini tələb edib.

Buraya Fransanın başqa bir dövlətin bayrağı altında üzən Rusiya nefti daşıyan sanksiyalı gəminin saxlanılması da daxildir. Tanker Aralıq dənizində aşkar edilib; əməliyyat bir neçə gün əvvəl baş tutub: "Bu tanker artıq Ukrayna, Böyük Britaniya, Avropa Birliyi və Amerikanın sanksiyaları altındadır. Lakin ruslar hələ də ondan istifadə edirlər. O, sistematik olaraq təkcə Rusiya deyil, həm də İran nefti daşıyır".

Zelenski həmçinin Rusiya və İranı müttəfiq adlandırıb və Moskvaya daha çox təzyiq göstərməyə çağırıb.

Məlum olduğu kimi, Rusiyanın "kölgə donanması" Moskvanın Qərb sanksiyalarından yayınmaq və neft ixrac etmək üçün istifadə etdiyi gəmilər şəbəkəsidir. Avropa Komissiyasının qərarına əsasən belə gəmilər Aİ ərazi sularında saxlanır.

Musavat.com

 

 

Seçilən
36
musavat.com

1Mənbələr