AZ

Ekspert: “Yeni Fərman dövlət qulluqçusunun pensiya təminatına da müsbət təsir edəcək”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin yeni Fərmanı ilə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib. 

Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib. 

Məlumata görə, hazırda ölkədə dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, hazırda dövlət qulluqçularının orta aylıq əməkhaqqı 1971 manat təşkil edir. 

Yeni Fərman dövlət və özəl sektor arasındaki maaş fərqinin azalmasına, dövlət qulluğunda çalışan kadrların peşəkarlığının isə artmasına xidmət edəcək strateji addım kimi qiymətləndirilir. 

İqtisadçı ekspert Əyyub Kərimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezidentin imzaladığı Fərman dövlət idarəçiliyində, xüsusilə dövlət qulluğu sistemdə institusional  islahatların davamlılığına işarədir və əməkhaqqı sisteminin optimallaşdırılması, sistemləşdirilməsi və bərabər şəkildə bölgüsünə təsir edəcək:

“Əməkhaqqı sisteminin təkmilləşdirilməsinin əsas məqsədi vahid yanaşmanı təmin etməyə və artıma səbəb olmaqla yanaşı, dövlət qurumlarında xərclərin şəffaflığını, səmərəliliyini təmin edəcək, izafi, səmərəsiz xərclərin və bəzi hallarda subyektiv yanaşmanın qarşısının alınmasına yönələcək.  Bu da qərarların qəbulunda çevikliyin artırılması ilə nəticələnə bilər. Hesab edirəm ki, dövlət qulluğuna ixtisaslı kadrların cəlbinə və rəqabətə də səbəb olacaq. Yeni Fərman dövlət qulluqçularının pensiya təminatına ciddi təsir edə, yığım kapitalının artmasına səbəb ola bilər”. 

Ekspert Fərmanın daha bir müsbət təsirini vurğulayıb:

“Əvvəllər dövlət qulluğunda məvacibin baza hissəsi daha az, digər ödəmələr daha çox idi. Bu əlavə vəsait isə Dövlət Sosial Müdafiə Fonduna ayırmalara cəlb olunmurdu. Bu da öz növbəsində dövlət qulluqçusunun gələcək pensiya təminatına mənfi təsir edirdi.  Bu baxımdan, islahatlar bu məsələni də ortadan qaldırır, vahid maaş cədvəli pensiya kapitalının formalaşmasına bilavasitə təsir edəcək. Bəzi hallarda verilən mükafat uyğunsuz qaydada ödənilir, subyektiv xarakter daşıyır, iş yükü ilə mütənasibliyi pozulurdu. İndi bu da aradan qalxır”.

Ekspert qeyd edib ki,  Fərmanın icrasında əsas məsələ iş yükünün bərabər bölgüsünə nəzarət edilməsidir:

“İş yükünün balanslı paylanması islahatın daha uğurla tətbiq olunmasına müsbət təsir göstərəcək”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
cebheinfo.az

1Mənbələr