AZ

İllik 150 milyon dollar gəlir: Zavoddan maraqlı görüntülər VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İllik 55 min ton istehsal gücü, 15-dən çox ölkəyə ixrac, 97 faizlik ixrac payı və 150 milyon dollarlıq ixrac gəliri - bütün bu göstəricilər Gəncədə yerləşən, Cənubi Qafqazda ilkin alüminium istehsalı üzrə yeganə kompleksin Azərbaycanın qeyri-neft sənayesində əsas sütunlardan birinə çevrildiyini göstərir.

Oxu.Az AzTV-yə istinadən bildirir ki, Gəncə alüminium kompleksi dörd əsas zavoddan ibarətdir: anod prosesləri, elektroliz, metal tökmə və yayma, təzyiqlə emal və boyama zavodları.

İllik 150 milyon dollar gəlir: Zavoddan maraqlı görüntülər - VİDEO

Kompleksin ümumi istehsal gücü illik 55 min ton təşkil edir. Bu həcmdə istehsal üçün təxminən 110 min tonadək alüminium oksidi və 30 min ton civarında anod tələb olunur. İstehsal olunan məhsullar rulon, təbəqə və külçə formasında hazırlanır, həmçinin təzyiqlə emal zavodunda əlavə emaldan keçirilə bilər.

Anod prosesləri zavodunda elektroliz prosesində istifadə olunan anodlar hazırlanır, həmçinin istifadə olunmuş anodların demontajı həyata keçirilir.

İlkin istehsal mərhələsi elektroliz zavodunda baş verir. Burada alüminium elektroliz üsulu ilə əldə olunur. Xammal kimi tərkibi alüminium oksidindən ibarət olan gil torpaqdan istifadə edilir.

Elektroliz vannalarında anod və katod blokları yerləşir: katod blokları vannaların alt hissəsində, anod blokları isə üst hissəsində olur. Elektrolit məhlulunun əsas hissəsini (təxminən 75-80 faiz) kriolit təşkil edir. Gil torpaq elektrolitdə həll olaraq elektrokimyəvi proses nəticəsində alüminium oksidinin parçalanmasına səbəb olur və nəticədə saf alüminium əldə edilir.

Əldə olunan saf alüminiumun emalı metal tökmə və yayma zavodunda həyata keçirilir. Maye metal xüsusi sobalara tökülərək külçə və ya təbəqə (rulon) formasına salınır. Texnoloji proses elektroliz sahəsindən gələn maye alüminiumun 30 tonluq əritmə və tutma sobalarına ötürülməsi ilə başlayır. Daha sonra metal deqazasiya və filtrasiya mərhələlərindən keçirilərək mexaniki qatışıqlardan təmizlənir və yayma vallarına verilir. Yayma zamanı metal kristallaşaraq bərk hala keçir və rulon şəklində formalaşır.

Son mərhələ təzyiqlə emal və boyama zavodunda həyata keçirilir. Burada rulonlar soyuq yayma dəzgahlarında incəldilərək tələb olunan qalınlığa salınır və hazır məhsul halına gətirilir.

Bu mərhələyə boyama, yuma, yayma və termiki emal sahələri daxildir. Termiki emalın məqsədi rulonların mexaniki xüsusiyyətlərini dəyişdirərək onları tələbata uyğunlaşdırmaqdır. Daha sonra məhsullar yuyulur, boyanır və ixrac üçün hazır vəziyyətə gətirilir.

Kompleksdə istehsal olunan məhsullar Türkiyə başda olmaqla Avropa, Asiya və Yaxın Şərq ölkələrinə ixrac olunur. Eyni zamanda ABŞ və Kanada kimi iri sənaye bazarlarına da çıxarılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
1
oxu.az

2Mənbələr