NATO rəhbəri İranla bağlı iddialara ehtiyatla yanaşsa da, ABŞ prezidentini açıq müdafiə edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte İranın raket imkanları ilə bağlı iddiaları təsdiqləmədiklərini bildirib.
O, CBS News-a müsahibəsində qeyd edib ki, Alyans İsrailin İrandan atıldığı iddia olunan və Dieqo-Qarsiyaya yönəlmiş raketlərin qitələrarası ballistik raket olduğunu təsdiqləyə bilmir.
Bununla belə, Rütte ABŞ prezidenti Donald Trampın İrana qarşı başladığı hərbi əməliyyatları dəstəkləyib və bunu “zəruri addım” adlandırıb.
“Sorğuların nəticələrini görmüşəm, amma ümid edirəm ki, Amerika xalqı onun yanında olacaq. O bunu bütün dünyanı daha təhlükəsiz etmək üçün edir”, – deyə NATO baş katibi bildirib.
Rütte həmçinin NATO ölkələrinin Vaşinqtonu dəstəkləyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzi gecikmələr olsa da, alyans üzvlərinin Tramp ətrafında birləşəcəyi gözlənilir.
“Prezidentin narazılığını başa düşürəm, amma bir qədər anlayış göstərilməlidir. Ölkələr əvvəlcədən tam məlumat olmadan hazırlaşmalı oldular”, – deyə o əlavə edib.
Musavat.com