AZ

Çin növbəti peyk qrupunu orbitə çıxarıb

Çin növbəti peyk qrupunu orbitə çıxarıb.

Sitat.info xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyası məlumat yayıb.

 

Məlumata görə, "CentiSpace-2" peykləri Şandun vilayəti yaxınlığında, Sarı dənizin akvatoriyasında yerləşən Hayyan kosmodromundan buraxılıb.

 

Buraxılış “Jielong-3” (“Smart Dragon-3”) daşıyıcı raketi vasitəsilə həyata keçirilib. Start martın 22-də Pekin vaxtı ilə saat 23:49-da baş tutub.

 

Bildirilir ki, "CentiSpace" aparatları aşağı Yer orbitindən qlobal naviqasiya peyk sistemləri üçün əlavə siqnal ötürülməsi xidmətlərini təmin etmək məqsədi daşıyır.

 

Məlumatda qeyd olunur ki, “Jielong-3” Çin Aerokosmik Elm və Texnika Korporasiyasının Birinci Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. Dörd pilləli bərk yanacaqlı bu raketin uzunluğu 31 metrdir, baş örtüyünün diametri isə 3,35 metr təşkil edir. Raket 500 kilometr hündürlüyə qədər orbitə 1,5 tona qədər faydalı yük çıxarmaq gücünə malikdir.

 

2022-ci ilin dekabrından istifadə olunan bu tip raketlər indiyədək 10 missiya yerinə yetirib. Onlardan ikisi 2026-cı ildə həyata keçirilib.

 

Qeyd edək ki, Çin son illər milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Ölkə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri hazırlamaqla yanaşı, Ay, asteroidlər və Marsın öyrənilməsi istiqamətində də texnologiyalar üzərində işləyir. 2025-ci ildə Çin 92 kosmik buraxılış həyata keçirərək öz rekordunu yeniləmişdi.

Seçilən
34
2
sitat.info

3Mənbələr