AZ

Şair Zeynal Xəlilin anadan olmasının 112 ili tamam olur

Yazını böyüt
Yazını kiçilt

Müasir Azərbaycan poeziyasının tanınan simalarından olan Zeynal Xəlil zəngin mənəvi dünyası olan şair idi. Özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin qələmini gündən-günə püxtələşdirərək onu şeirin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri etmişdi.

Hafta.az xəbər verir ki, martın 23-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri, poemaları sevilə-sevilə oxunan, pyesləri tamaşaçıların hüsn-rəğbətini qazanmış Zeynal Xəlilin anadan olmasının 112 ili tamam olur.

Cəmi 59 il ömür sürmüş bu şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazıb. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başlayıb. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlib. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları da oxucularda böyük maraq və hüsn-rəğbət oyadıb.

Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulub və müvəffəqiyyət qazanıb. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir.

Zeynal Xəlilin qələmə aldığı əsərlər bir sıra xarici dillərə tərcümə olunmuş və onun rus və Avropa ədəbiyyatından etdiyi tərcümələr həmişə diqqətəlayiq olub.

Yaradıcılığında həyat həqiqətlərinin min rəngi duyulan, insanlara həmişə əbədi sevgi və sədaqətlə xidmət edən, şair dünyasını yaşatmaq üçün öz ömrünü girov qoyan Zeynal Xəlil poeziyamızın qüdrətli simalarından biri kimi heç vaxt unudulmayacaq.

Seçilən
76
3
hafta.az

4Mənbələr